Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayında ciddi artım müşahidə olunur. Tələbələrin seçim etdiyi ölkələr və bu axının səbəbləri cəmiyyətdə ən çox maraq doğuran məqamlardandır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi hazırda xarici ölkə diplomlarının ölkəmizdə tanınması (nostrifikasiya) prosesi zamanı müraciətlərin statistikasına əsasən tələbələrin üstünlük verdiyi istiqamətlərin aydın göründüyünü bildirib. Onun sözlərinə görə, gənclərimiz attestatla imtahansız qəbul imkanlarından yararlanmaq üçün daha çox dörd ölkəyə müraciət edirlər:
“Bu siyahıda ilk növbədə Türkiyə universitetləri qərarlaşıb. İkinci sırada son dövrlərdə Gürcüstan önə çıxıb, növbəti yerlərdə isə Ukrayna və Rusiya dayanır”.
Ekspert qeyd edib ki, sadalanan ölkələrin seçilməsinin əsas səbəbi məhz attestatl birbaşa qəbul imkanının olmasıdır.
.jpg)
Elçin Əfəndi: Azərbaycanda onlayn və qiyabi təhsil forması rəsmi olaraq tanınmır
Müsahibimiz xüsusilə Rusiya və Ukrayna istiqamətində təhsil alanları gözləyən ciddi bir təhlükə barədə xəbərdar edib. Dediyinə görə, bir çox vətəndaşımız bu ölkələrdə fəaliyyət göstərən dələduzların qurbanına çevrilirlər. Belə ki, bəzi vasitəçi şirkətlər onlayn təhsil və ya diplomların asanlıqla tanınması adı ilə tələbələri aldadaraq pullarını mənimsəyirlər. Azərbaycanda onlayn və qiyabi təhsil formasının rəsmi olaraq tanınmafığını deyən E.Əfəndi gəncləri və onların valideynlərini bu məsələdə son dərəcə diqqətli olmağa çağırıb:
"Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlərə gəlincə isə burada coğrafiya və seçim tamamilə fərqlidir. Dövlət xətti ilə təhsil alacaq tələbələr üçün əsas Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya kimi Avropa ölkələrinə, həmçinin Şərq regionundan əsasən Çinə üstünlük verilir. Bu ölkələr dövlət proqramında əsas ön sıralarda dayanır".
Sonda təhsil eksperti xaricə yollanan gənclərə və valideynlərə mühüm tövsiyələr verib.
“Vətəndaşlarımız xaricdə təhsil alarkən universitet seçimində diqqətli olmalı, diplomları ölkəmizdə rəsmən tanınan ali məktəblərə və gələcəkdə karyera qurmaq üçün prioritet hesab olunan ixtisaslara üstünlük verməlidirlər”, - deyə Elçin Əfəndi vurğuıayıb.
Zeynəb Rzayeva
Bakı 



