• Bakı 15° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

XII Qlobal Bakı Forumunda səhiyyə ilə bağlı panel müzakirə keçirilib

CƏMİYYƏT

15 Mart 2025 | 16:17

XII Qlobal Bakı Forumunda səhiyyə ilə bağlı panel müzakirə keçirilib

Azərbaycan Respublikasının paytaxtında “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusuna həsr olunan XII Qlobal Bakı Forumu keçirilir.

XII Qlobal Bakı Forumu çərçivəsində İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakkirolinin moderatorluğu ilə "Böhran dövründə Qlobal Səhiyyə: Hazırlıq və Bərabərlikdə yeni üfüqlər" (Global Health in Crisis: New Frontiers in Preparedness and Equity) adlı panel sessiyası baş tutub.

Panel sessiyada çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb: “Pandemiya və epidemiyalar kimi qlobal səhiyyə böhranları dağıdıcı olsa da, müsbət dəyişikliklər üçün imkanlar yaradır. Bu böhranlar vaksinlər, müalicələr və tibbi texnologiyalarda təcili innovasiyalara təkan verir. Onlar həmçinin səhiyyə infrastrukturunun zəif tərəflərini müəyyənləşdirir, ölkələri islahatlar, daha dayanıqlı siyasətlər həyata keçirməyə və effektiv qərarların qəbulu üçün investisiyaları artırmağa sövq edir”.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib: “Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir. Əsas fəaliyyətlərə iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması, yaşıl xəstəxanaların inkişafı və iqlimədavamlı tibb işçi qüvvəsinin yaradılması daxildir”.

Teymur Musayev çıxışında qeyd edib ki, səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək: “Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”.

Nazir vurğulayıb ki, gələcək səhiyyə siyasətində kibertəhlükələr və həssas tibbi məlumatlardan sui-istifadənin qarşısını almaq üçün onların təhlükəsizliyi, pasiyent hüquqları və süni intellektdən istifadənin tənzimlənməsi prioritet təşkil etməlidir: “Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır”.

Panel sessiyada, həmçinin BMT-nin Baş katibinin müavini, UNAIDS-nin İcraçı direktoru xanım Vinni Byanyima, İsrail Dövlətinin sabiq Prezidenti (2007) Dalia İtzik, Moldova Respublikasının sabiq Baş naziri (2015) Kiril Qaburiç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) İsmail Serageldin, Qlobal Tərəfdaşlıq Forumunun sədri Əmir Dossal və digər rəsmilər çıxış ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, aidiyyəti suallar cavablandırılıb.


SON XƏBƏRLƏR