Hər il minlərlə insan Hepatit B və C kimi yoluxucu xəstəliklərə yoluxur.
Bu tip yoluxucu xəstəliklər əsasən xəstə insanın qanının sağlam insanın qanına daxil olması nəticəsində yaranır. Təəssüf ki, bu, sterilizasiya qaydalarına əməl olunmayan stomatoloji klinikalarda daha çox baş verir və insanların hepatit viruslarına yoluxmasına səbəb olur.
Maraqlıdır, insanlarınn sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində dezinfeksiya ilə bağlı yoxlamalar keçirilirmi? Sterilizasiya necə olmalıdır?
İlkin Əliyev, stomatoloq
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən stomatoloq İlkin Əliyev bildirib ki, yoluxucu infeksion xəstəliklərin sayı artmaqdadır ki, bunun başlıca səbəbi sterlizasiya qaydalarına düzgün riayət olunmamasıdır.
Stomatoloq qeyd edib ki, yolxucu infeksion xəstəliklər tibb ocaqlarında və yaxud gözəllik salonlarında kəsici deşici alətlər düzgün sterilizə olmadığı halda baş verə bilir.
Stomatologiyada Aseptika və Antiseptika qaydalarına riayət olunmalıdır deyən İ.Əliyev nəzərə çatdırıb ki, stomatologiyada istifadə olunan tibbi vasitələr və bir dəfə istifadə üçün nəzərdə tutulan alətlər varki, istifadə olunduqdan sonra atılır. Digərləri isə ağız boşluğunda istifadə olunduqdan sonra mütləq xüsusi kimyəvi dezinfenktant məhlulda saxlanılmalı, sonra yuyulub qurudulmalıdır. Onun sözlərinə görə, həmin alətlər sterilizasiya paketlərinə yığlıb paketlənərək sterlizasiya aparatına qoyulur və təxmini 45 dəq-1 saat ərzində 134 dərəcədə sterilizasiya olunur:
“Və bunu da qeyd edim ki, paketlənmiş alətlər açılmadığı müddətdə bir neçə gün sterilliyini qoruyur. Pasientlər buna diqqət etməlidir. Paketlərin kənarında xüsusi rənglər var. Alətlərin sterilizasiya olub-olmadığını buradan bilmək olur. Alətlər sterilizasiya olunmamışdan qabaq paketlərin kənarında olan xüsusi rəng sterilizasiyadan əvvəl mavi bənövşəyi olduğu halda sterilizasiyadan çıxan paketin kənarındakı rəng qara rəng olur”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ən çox qeydiyyata alınan Hepatit B və C virusu tibb müəssisələrinin daxilində yoluxmuş xəstə və sağlam şəxslərə göstərilən tibbi xidmət zamanı əksepidemik tədbirlərin gözlənilməməsi səbəbindən yayıla bilər.
Qeyd olunub ki, tibb müəssisələrində bu cür yoluxmaların qarşısının alınması üçün müayinə və müalicə xidmətləri zamanı müvafiq dezinfeksiya və sterilizasiya tədbirləri əksepidemik təlimatlara uyğun olaraq aparılmalıdır.
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Xidməti tərəfindən dövlət tabeliyində olan müalicə-profilaktika idarə və müəssisələrində xəstəxanadaxili yoluxmaların qarşısının alınması məqsədilə mütəmadi olaraq aparılan sanitariya-epidemioloji nəzarət zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı sağlamlaşdırıcı tədbirlər həyata keçirilir, cavabdeh tibb işçiləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunur”,- deyə məlumat verilib.
Mina Mikayılova