Ermənistanda hakim "Mülki Müqavilə" partiyasının növbədənkənar parlament seçkilərinə hazırlıq prosesinə dair xəbərlər son dövrlərdə ciddi müzakirələrə səbəb olub.
Baş nazir Nikol Paşinyanın açıqlamaları xüsusilə partiya daxilindəki gərginliyi artırıb. Paşinyanın sözlərinə görə, partiya hər hansı bir fövqəladə vəziyyətə hazır olmalı və istənilən an hakimiyyəti qorumağa çalışmalıdır. Bununla belə, partiya üzvlərinin aralarındakı narahatlıqlar artmaqdadır və bu vəziyyətin nə ilə nəticələnəcəyinə dair müxtəlif ehtimallar irəli sürülür.
Sözügedən hadisə Azərbaycan-Ermənistan münasibətlərinə, xüsusilə konstitusiya dəyişikliyi məsələsinə necə təsir edəcək?
Bu barədə fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Əli Mustafanın sözlərinə görə, hal-hazırda hakim partiya olan "Mülki Müqavilə"nin parlament seçkilərinə hazırlaşması ilə bağlı məlumatlar onu göstərir ki, Paşinyan iqtidarda qalarsa, bu, Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək:
"Rəsmi İrəvan hökuməti seçki prosesini 2026-cı ilə saxlamaq istəmir. Bu da Ermənistandakı vəziyyətin qəlizliyindən xəbər verir. Əgər seçki prosesinin nəticələrinə uyğun olaraq Nikol Paşinyan qalib gələrsə, Azərbaycanla əlaqələrdə müsbət dəyişikliklər əldə edilə bilər. Rəsmi İrəvanda olan siyasi mənzərəyə baxsaq, bu fikri deməyə əsas yaranır. Çünki, ermənilərin siyasi elitası daha çox revanşist qüvvələrdən təşkil edilib. Həmçinin, hazırda Ermənistan-Rusiya münasibətləri zəif səviyyədədir, Kreml Ermənistandan istifadə edərək Azərbaycana təsir göstərə bilmir. Qeyd etmək lazımdır ki, o, Azərbaycana qarşı əldə etdiyi məğlubiyyətlərdən sonra bir növ "ağıllanıb".
Əli Mustafa: Azərbaycanın Ermənistanın qarşısına qoyduğu tələblər yetərincə ciddidir
Politoloqun fikrincə, Paşinyanın növbəti rəhbərliyi dövründə sülh müqavilə məsələsi ilə bağlı ciddi gedişlərin əldə edilməsi gözlənilir:
"Paşinyan bu istiqamətdə bizə tərəfdir. Düşünürəm ki, bu, onun bizə qarşı mövqeyinin daha konstruktiv olduğunu göstərir. Buna görə də, Paşinyanın sülh məsələsində ölkəmizin yanaşmasını dəstəkləməsi gözləniləndir. Xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası prosesində Paşinyan hökuməti bizim siyasətimizə uyğun, pozitiv qərarlar verə bilər. Zəngəzurla bağlı danışıqlar da onun hakimiyyəti dövründə baş tutub. Bütün bu siyasi müzakirələrdə Ermənistanın baş nazirinin iştirakını nəzərə alsaq, bu tədbirlərin sonlandırılmasının da onla birlikdə həyata keçirilməsi bizim üçün çox faydalı olar. Növbədənkənar seçkilərdə onun qalib gəlməsi bu detalları analiz etdikdə bizə sərf edir".
Son olaraq Əli Mustafa bildirib ki, onun idarəçiliyi bizim üçün nə qədər üstünlük olsa da, riskləri də nəzərə almaq lazımdır:
"Ermənistan Rusiya ilə münaqişə şəraitində olsa da, qərblə əməkdaşlığı da barizdir. O, ABŞ və digər qərb dövlətləri ilə yaxınlaşmağa çalışır. Bunda əsas məqsəd özlərinə siyasi dayaq tapmaq, ən əsası isə silahlanma üçün müəyyən dəstək əldə etməkdir. Məsələyə bu prizmadan yanaşsaq, onun idarəçiliyi zamanı Azərbaycanla Ermənistan arasında yeni münaqişə mühitinin yaranacağını da istisna etməməliyik. Lakin, bizim tələblərimiz yetəri qədər ciddidir. Buna görə də əməkdaşlıqla bağlı şans daha çoxdur".
Əli Hüseynov