Sosial media həyatımızın bir parçasına çevrildiyindən gündəlik şəkil və videolarımızı tez-tez paylaşırıq.
Lakin bəzən paylaşımlarımıza o qədər aqressiv, nifrət dolu rəylər gəlir ki, heyrətə gəlirik. Axı insan tanımadığı birinə qarşı niyə bu qədər kin, nifrət dolu rəylər yaza bilər ki?
Bu aqressiyanın kökündə nə dayanır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, məyusluq, istəyini ifadə edə bilməmək, narazılıq, gözləntiləri qarşılamamaq yəqin ki, aqressiyanın kökündə dayanan ən bariz səbəblərdir. İnsanda mənfi yük yaradan və passiv aqressiyaya səbəb olan xəyal qırıqlığı, məyusluqdur. İnsanın hər davranışının arxasında o davranışı istiqamətləndirən səbəblər var və aqressiyanı da istiqamətləndirən bir neçə səbəb var. Əslində aqressiyanın əsasında qorxu hissi, əskiklik, zəiflik, paxıllıq kimi hislər də dayanır:
"İnsanların özlərinin etmək istəyib edə bilmədikləri şeyləri bir başqası edəndə həmin insana qarşı aqressivləşir və nəticədə mənfi rəylər yazmağa başlayırlar. İnsan özündəki boşluqların fərqinə varanda, nəyisə istəyib reallaşdıra bilmədiyi potensialı üzünə vurulanda gördüyü hər kontent onu narahat edir və öz əskikliyini sosial mediada tanımadığı bir çox insanın üstünə atır. Məsələn, bir vətəndaş hər hansısa xarici ölkəyə gedib və istirahət anlarını paylaşım edib. Digər şəxs də həmin ölkəyə getmək istəyib, lakin gedə bilməyən vətəndaş həmin paylaşımın altına mənfi, aqressiv, nifrət dolu rəylər yazır. Çünki, o da istəyir, lakin gedə bilmir".
Nizami Orucov: Fərdlərin öz günahlarını başqasının üstünə atması onlara rahat gəlir
Psixoloqun sözlərinə görə, mənfi rəyin kökündə belə səbəblərin olduğunun fərqində olmamaq belə qorxulu hadisədir, bu, ən böyük cahillikdir. Çünki, o cür insanlar özlərindən çox uzaq olurlar, daxildə baş verən hadisələrə vaxt ayırmaq istəmirlər ki, bunu bir neçə saniyə, hətta dəqiqə ayıraraq başqasına nifrət göstərməklə əvəzləmək onlara xoş gəlir:
"Bu, vicdanlarını rahatladır. Günahı başqasına atmaq, başqasında yoxdan qüsur formalaşdırmaq, özündə olan qüsuru həll etməyə zaman ayırmaqdan daha rahat gəlir. Özündən uzaq olmaq, özünü tanımaq istəməmək, tanımadan həyatı beləcə başqasına enerji sərf edərək keçirmək ciddi problem və acınacaqlı vəziyyətdir".
Müsahibimiz həmçinin aqressiyanın yaranma səbəblərindən də bəhs edib:
"İnsan aqressiyasının bir çox psixoloji və fizioloji səbəbləri ola bilər. Məsələn, psixoloji pozuntular, posttravmatik sinir pozuntusu, davranış pozuntusu, narkotik maddə, spirtli içki kimi zərərli vərdişlərdən istifadə, fentsiklidin və uçucu maddələrin intoksikasiyası, antisosial şəxsiyyət pozuntusu. Bunlardan əlavə, aqresiyyanın səbəblərinə bioloji nüansları, travmaları, istifadə edilən hər hansı dərmanın mənfi təsirlərini və ətraf mühit amillərini misal göstərmək olar. Ümumiyyətlə, passiv aqressiyanın fərdi aspekti ilə yanaşı, mədəni səbəbi də var. Bəzi insanlarda passiv aqressiv xüsusiyyətlər daha çox özünü göstərir. Uşaqlıqda anadan ayrılıq dediyimiz bir dövr var, bu zaman yaşanan problemlə, hisslərlə bağlı bir problem ola bilər. Körpənin anasından ayrılması, özünü bir fərd kimi hiss etməsi və şəxsiyyət qurması prosesində bəzi problemlər yarana bilər".
Nuriyyə Musayeva