• Bakı 17° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb 
HADİSƏ
15 May 2025 | 11:14

Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb 

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Prosesdə ifadə verən prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev deyib ki, cinayət işi üzrə hesab əməliyyatları ilə bağlı rəy verib:

“Biz Auditorlar Palatasından sonra yoxlama apardıq. Həmin vaxt məlum oldu ki, bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb. Yoxlama 2018-2022-ci illər ərzində aparılmışdı, 2019-cu ilədək pullar kassadan, növbəti illər ərzində isə Auditorlar Palatasından banka, oradan da müxtəlif kartlara köçürülmüşdü”.

Şahid əlavə edib ki, aparılan yoxlama, verilən rəy Gövhər Əhmədova və Vəli Rəhimovun ona verdiyi sənədlər əsasında aparılıb.

Təqsirləndirilən Vəli Rəhimov Gövhər Əhmədovanı saxta sənəd təqdim etməkdə ittiham edib:

“Gövhər xanım mənə 65 nəfərlik siyahını imzalamaq üçün vermişdi. Bizdə maaş maksimun 500 manat olub. Mən 65 nəfərin maaşının cəmini hesablamırdım. Artıq yazılan məbləğ həmin cəmdə yazılıb”.

Sonra təqsirləndirilən Vəli Rəhimovun vəkili mühasibatlıq ekspertizasının aparılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası iyulun 4-ə təyin olunub.

İttihama görə, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri və digər ödənişlər zamanı qohumlarının adlarına kart hesabları açaraq həmin kartlara pul köçürüblər.

Belə ki, sözügedən şəxslər kartlara köçürülən 717 min 311 manat pulu nağdlaşdırma yolu ilə ələ keçirərək mənimsəməkdə təqsirli biliniblər.


Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinirlər.

Cinayət işi üzrə Auditorlar Palatası zərərçəkən kimi tanınıb.


SON XƏBƏRLƏR