Avqustun 15-də Polşada təntənəli kilsə ibadəti zamanı nəhəng Məryəm Ana heykəli nümayiş etdirilib. Onun hündürlüyü 55 metrdən çoxdur.
Bakıvaxtı.az "dpa"ya istinadən xəbər verir ki, heykəl Torun şəhəri yaxınlığında, Varşavadan təxminən 190 kilometr şimal-qərbdə yerləşən Konotopye kəndində ucaldılıb. Heykəlin özünün hündürlüyü 40,6 metr, tac formasında olan postamentinin hündürlüyü isə 15 metrdir.
Heykəl ölkənin ən varlı insanlarından biri olan 75 yaşlı iş adamı və xeyriyyəçi Roman Karkosikin vəsaiti hesabına ucaldılıb. Karkosik sərvətini avtomobil sənayesi üçün təchizat sahəsində qazanıb və Polşa fond bazarının ən tanınmış investorlarından biridir. Polşanın "Architektura Murator" memarlıq portalı tikintinin dəyərini 23 milyon avro ekvivalentində qiymətləndirib. Konotopye sakinləri ilk növbədə turistlərin və zəvvarların axınına ümid etsələr də, abidə Polşa ictimaiyyətində müzakirələrə və tənqidlərə də səbəb olub. Dominikan rahibi Pavel Qujinski heykəli "tarladakı Kinq-Konq" adlandırıb. Din xadimi "Radio Z"nin efirində bildirib ki, bütün layihə bütpərəstliklə bağlı Bibliya hekayəsinə işarə edən "qızıl buzov ətrafında rəqs"i xatırladır.
Bakı 












