• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Ekoloji mövzu: paralellik və təzad arayanlar… - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Iyul 2023 | 17:39

Ekoloji mövzu: paralellik və təzad arayanlar… - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Ötən ilin sonunda Xankəndi-Laçın yolunun Şuşa səmtində bizim ekofəallar təbii sərvətlərimizin (qızıl mədənlərimizin) Vardanyan-mardanyanlar tərəfindən qanunsuz istismarına qarşı etiraz aksiyasına başladı. O etiraz aksiyası aylar uzunu davam etdi və bu ilin aprelində öz məntiqi sonluğuna çatdı (Vardanyan da Yoxdanyan kimi bir şey oldu).

Uzunmüddətli və effektiv olması etibarlə ekoaksiya dillərə düşdü. Əlbəttə, işğalçılar, separatçılar və “5-ci kalon”lar bunu sinirə bilmirdi. Hərləndilər-fırlandılar bə nəhayət, Gədəbəydə fürsət bulduqlarını zənn etdilər. - Söyüdlü camaatının məlum haqlı tələbləri üzərindən ekotələb paralelliyi aparıb, guya təzad yaradacaqdılar. Dövlət babanın uhulət-suhulətini, şəxsən, dövlət başçısı İlham Əliyevin siyasi iradəsini və xalqcanlılığını (növbəti dəfə) nəzərə almamışdılar hər halda. Yenə yanıldılar. Budur, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki möhtəşəm çıxışı hər tərəfə hərtərəfli cavab oldu.

Bəli, xarici şirkətin ekoloji qaydaları pozması, mərkəzi icra hakimiyyəti orqanının (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin) fəaliyyətsizliyi, təxribat elementləri və s. daxil olmaqla Prezidentin Söyüdlü hadisəsinə qiymət verməsi bulanıq suda balıq sevdalılarını (növbəti dəfə) məyus etdi. “Növbəti dəfə”ni növbəti dəfə niyə deyirəm? - Görünür, Prezidentin prinsipiallığını artıq bunca tərcümeyi-haldan, olanaqlardan sonra da idrak etməyənlər vardır. İdraksızlar gərək öz xasiyyət, ehtiras, nəfs, ağıl və s. ayırmaqçün sionid tətbiq etsinlər. Etmirlərsə etməsinlər. Ancaq ekotələblər Söyüdlüdə də, Xankəndi-Laçın yolunda da eyni dərəcədə haqlıdır və dövlət də, cəmiyyət də bu tələblərin arxasındadır. 

Üstəlik, Ermənistanda ekoloji mühitin pozulması və sərhədlərimizin yaxınlığında (ABŞ yatırımları ilə) yeni zavod tikintisi prosesi, bununla bağlı vətəndaş cəmiyyətinin müraciətləri mövzusu var. Burada da ekotələblər haqlıdır, əsaslıdır, danılmazdır.

Prezidentin müşavirədəki çıxışından bir məqama diqqət edək:

“Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var. İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu, bizim məsələmizdir”. 

Bəli, qalib Azərbaycan buna necə imkan verə bilər? Hərb meydanındakı qalibiyyət hüquq müstəvisində davam və inkişaf edir. Nə Ermənistan, nə dünya erməniliyi, nə də ermənilik öz çirkinliklərini və çirklərini bizə doğru axıda bilməyəcək. Ekologiya mövzusu daxili mənəvi ekologiyanın təmizliyi ilə harmoniyada olmalıdır. Ermənilik və mənəvi ekologiya bir araya sığmadığı kimi, təbiətə, təbii sərvətlərə, ekologiyaya insanca münasibət də onlarlıq deyil. 

Azərbaycan dövləti erməni ekoterrorunu digər terror aktları ilə bir axarda dəyərləndirəcək və beynəlxalq mexanizmlərin tətbiqinə çalışacaqdır. Və nail olacaq! İlham Əliyev sözü imzası qədər keçərli dövlət rəhbəridir. Bu məsələlər ya qanun çərçivəsində, beynəlxalq konvensiyalar üzrə, diplomatiya gücü ilə çözüləcək ya da… Dəmir Yumruq yerindədir! - Seçim qarşı tərəfin olsun. “Olacaqlar olacaqdır”(Şaiq Vəli). Ermənistan öz təhlükəli praktikasından əl çəkəcək.

Dövlətimiz zavam görməsin.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR