• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Getdim gördüm yar tıxacda - Etibar Cəbrayıloglu yazır
YAZARLAR
02 Yanvar 2023 | 12:38

Getdim gördüm yar tıxacda - Etibar Cəbrayıloglu yazır

Etibar Cəbrayıloğlu

Köhnə il sənədlərini yığışdırıb getdi, təzə il dəftər-kitabını götürüb gəldi. Hər şey vaxtlı-vaxtında, öz qaydasında, min illər bundan öncəki kimi. Nə tıxac oldu, nə gecikmə-filan...

 Bayram tətili günlərində, evlərdən “Paytaxt” salatının iyi hələ getmədiyi bir vaxtda tıxac zəhrimar hardan gəlib yadıma düşdü axı? Əsəbdən “Bakıkart” əlimdən yerə dığırlandı, avtobuslara gediş haqqı yükləmək üçün 45 kilometrdən bir qoyulan ödəmə aparatları qorxulu bir silah kimi gözlərimin qabağından çəkilmədi. Guya nəqliyyatımızın intellektual idarə olunmasını göstərmək üçün dayanacaqlarda quraşdırılan bahalı monitorlar dil açıb əcaib-qəraib dildə danışmağa başladı. Belə vəziyyətdə necə rahat olasan? 

Başladım araşdırmağa, ordan-burdan informasiya toplamağa. Dedim görüm ötən il paytaxtımızın sakinlərini və qonaqlarını boğaza yığan tıxac dərdinə kövrək addımlarını atan təzə ildə necə çarə tapılacaq? Rəsmi qurumları, adından poeziya ətri gələn, bir az da yanıltmacı xatırladan jurnalistika ilə bağlı qeyri-hökumət təşkilatlarını vurdum bir-birinə, ora zəng, bura “vızov”...

Mən də az xaşın sirkəsi deyiləm a... Günün sonuna yaxın bəzi informasiyalar öyrənə bildim, bir şeylər topladım. Məlum oldu ki, şəxsən mən 125 saylı avtobusun dayanacağında yatıb qalmışam e, rəsmi qurumlar tıxac problemi ilə əməlli-başlı məşğul imişlər. Konsepsiya-filan nə qədər desən, təqribən bulvardan Nargin adasına qədər uzunluqda sənəd, layihə, smeta, daha nə bilim nə də hazırlanıb. Düzdür, hər şeyi dəqiq, incəliyinə qədər açıb mənə demədilər, məlum, tətil günləridir, insanlar iç-güclə bağlı danışmağa o qədər də həvəsli deyillər. 

Öyrəndiyim ən vacib məqam ondan ibarət oldu ki, yollarda tıxac dərdinin həlli üçün mahnı mətni yazılıb, hətta musiqi də bəstələnib, qalıb nota köçürmək-filan. Yəni, işin xeyli hissəsi görülüb, deyilənə görə, tıxacın beli qırılmaq üzrədir. Təzə mahnının sözlərini siz də əzbərləyin, musiqi bəstələnib tam hazır olandan sonra birgə oxuya da bilərik: 

Dam üstədir damımız,

Tıxacdır yollarımız.

 Sən orda iliş, mən burda, 

 Sevinsin düşmənimiz. 

 

Getdim gördüm yar tıxacda, 

Qoşa-qoşa xal yanaqda.

 Busə yeri var buxaqda, 

Al yanaqda, gül yanaqda.

Problemin kreativ həlli belə olar da. Sonra bir para ağzı göyçək, hər işə mız qoyan deyir ki, tıxac dərdinə əlac tapan yoxdur, heç kim konsepsiya ortaya qoymur-filan. Ortaya qoymaq belə olur da, atam-qardaşım.

 Gözəl Bakımızın nəqliyyatda tıxac dərdi çözülür demək. Tətildən sonrakı ilk iş günü hamımız görəcəyik...    

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

23 Aprel 2024