• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Köhnə adlara vurğunluq -  Qalib İbrahimoğlu yazır
YAZARLAR
12 Oktyabr 2022 | 16:03

Köhnə adlara vurğunluq -  Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

İllər əvvəl hələ “Ekspress” qəzetində köhnə adlara vurğunluqla bağlı köşə yazısı yazmışdım. Bugünlərdə dəyərli dostumuz, Kliniki Tibbi Mərkəzin mətbuat katibi  Elnur Hidayətoğlunun “facebook” statusu həmin mövzuya yenidən qayıtmağa vadar etdi. Necə deyərlər, “təkrar biliyin mamasıdır”…

Ovaxt indiki kimi deyildi ha, avtobusların bir əvvəl, bir də axırıncı dayanacaqları bəlliydi. Bir “Nizami”dən ötrü (gediş haqqı indiki pulla 10 qəpik idi - Bahoo, kommunizmdə yaşamışıq ki) sürücülər saçını düzəltmək üçün əlini başına aparan adam görən kimi avtobusu saxlayırdılr. Əlacları olsaydı, sərnişini zorla mindirərdilər maşına,

Nəsə. həmin günlərdən biri. Əlindəki təndir çörəyindən bir dişlək vuran sərnişin avtobusu saxlatdırdı:

-Dədə, “Bakcovet”ə gedir?

Sürücü qısa cavab verdi:

-“İçərişəhər”ə gedir.

-Yox ey, mən “Bakcovet”ə getməliyəm, - deyə sərnişin qapını hisrlə çırdı.

Sürücü başını yelləyib, “səylərin qırılsın” deyərək ondan sonra minmək istəyənlərə belə avtobusu saxlamadan sürdü.

Elnur qardaşımızın statusu bu olayı bir daha yadıma saldı. Deyəsən, Hidayətoğlu da belə halla dəfələrlə qarşılaşdığından, məcbur qalaraq, qızıl kimi vaxtından ayırıb status yazıb.

Yazıb ki, "O yerin adı “Semaşko”, “1 saylı xəstəxana” deyil, heç “1 saylı Kliniki Tibbi Mərkəz” də deyil, sadəcə Kliniki Tibbi Mərkəzdir”.

Yazıb ki, bəzi xəbər saytları bilərəkdən və ya bilməyərəkdən yuxarıdakı keçmiş adlardan istifadə edir: "Qəti şəkildə sadə vətəndaşların, sosial şəbəkə istifadəçilərinin müraciət formasını hələ bura əlavə etmirəm. Bəzən görürsən ki, TV kanallarımızdan biri gözəl bir reportaj hazırlayır. Müsahibənin bir neçə yerində, məhz bilərəkdən mütləq “Kliniki Tibbi Mərkəz” adını işlədirik, amma efirə gedəndə müxbir yenə də “Semaşko” kimi tanınan 1 saylı xəstəxana deyir”.

Qınama, Elnur. Öyrənmişik. Rastlaşdığım bir hadisəni yazdım. Bu, hələ harasıdır?

Hər ad dəyişimindən sonra insanlarımız bir müddət həmin yerin köhnə adını deyirlər. Məsələn, yaşlı nəsildən “Sahil” bağının yerini soruşsan bilməyəcək. Amma desən ki, köhnə “26-lar bağı”na gernək ustəyirəm, yerli-yataqlı cavab verəcək. Üstəlik, səni “ne prav” da çıxaracaq: “O bağın adı “26-lar”dı da…”

Ay sənin ürəyinə 26 güllə dəyməsin, yazıqsan, “26-lar”ın gorbagor oldu, cəhənnəmə getdi “26-lar”. Yoxdu “26-lar”…

Yaxud, metronun “Koroğlu” stansiyasına hələ də “Əzizbəyov” deyənlər var. Hətta yeniliklə köhnəlik arasında çabalayanlardan “Koroğlu Əzizbəyov” stansiyası deyənlər də olur.

Bir-ikisini də Elnur qardaşımız sadalayıb: “Xəzər rayonuna eləcə Əzizbəyov rayonu, Hökümət Evinə “Domsovet” və s. deyir”.

Amma, nə olursa olsun, sonda rəsmi danışıq və ya rəsmi yazılış formasında mütləq və mütləq son dəyişikliyi deyir və yazırıq…


SON XƏBƏRLƏR