“Balın kifayət edib-etməməsi məsələsi ilə yanaşı, sertifikasiya imtahanından kəsilən şəxslərlə bağlı xüsusi tənzimləmə də mövcuddur. Bu qaydalar yeni deyil və əvvəlki qanunvericilikdə də əksini tapıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.
Onun sözlərinə görə, sertifikasiya imtahanından bir dəfə kəsilən tibb işçiləri 6 ay müddətində ixtisasartırma kursu keçməli, ardınca yenidən imtahana daxil olaraq sertifikat əldə etməlidirlər. Ş.İsmayılova qeyd edib ki, imtahandan ikinci dəfə kəsilən şəxslər isə növbəti sertifikatlarını yalnız imtahan yolu ilə ala bilirlər və alternativ mexanizm tətbiq edilmir.
O əlavə edib ki, artıq qanunvericilik səviyyəsində də təsbit olunub: 6 aylıq ixtisasartırma dövründə bu şəxslərin əmək hüquqları qorunmalı, iş yeri və əməkhaqqı saxlanılmalıdır. Bununla məqsəd tibb işçilərinə şərait yaratmaqdır ki, mümkün qədər tez ixtisaslarına uyğun kursları tamamlasınlar və 6 ayın sonunu gözləmədən yenidən imtahana girə bilsinlər.
İsmayılova vurğulayıb ki, növbəti illərdə davamlı peşəkar inkişaf üzrə tələb olunan ballar toplandığı halda, bu şəxslərin gələcək sertifikatları artıq avtomatik qaydada yenilənə bilər. Lakin kəsildikləri dövr üzrə imtahan mərhələsi mütləqdir.
Zeynəb Rzayeva
Bakı 











