Cənubi Koreya 73 ildir davam edən savaşa rəsmən son qoymaq məqsədilə Şimali Koreyaya yeni sülh layihəsi təklif edib. Yaxın Şərq və Avropada gərginliyin artdığı bir dövrdə Seulun bu addımı beynəlxalq aləmdə diqqətlə izlənilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloqElçin Xalidbəyli bildirib ki, Cənubi Koreyanın bu təşəbbüsü olduqca təqdirəlayiqdir. Bu, rəsmi Seulun ölkəni yeni bir savaş təhlükəsindən yayındırmaq cəhdidir.
Politoloq qeyd edib ki, Şimali Koreya hazırda Rusiyanın ən yakın müttəfiqi kimi Ukrayna savaşında Moskvaya genişmiqyaslı dəstək verir:
"Son məlumatlara görə, rəsmi Pxenyan Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyaya 50 min nəfərə yaxın ordu göndərmək niyyətindədir. Bundan əvvəl də 10 minlik hərbi kontingent göndərmişdi. Eyni zamanda Şimali Koreya Rusiya ərazisində strateji raket obyektləri yaradır. Bu o deməkdir ki, Şimali Koreya artıq Ukrayna savaşının birbaşa iştirakçısına çevrilib".
.jpg)
Elçin Xalidbəyli: ABŞ kollektiv Qərb çərçivəsində Ukraynanı dəstəkləyir
E.Xalidbəylinin sözlərinə görə, yaranmış situasiya Cənubi Koreya üçün də ciddi təhlükə doğurur:
"Cənubi Koreya ABŞ-nin yaxın strateji tərəfdaşıdır. ABŞ isə kollektiv Qərb çərçivəsində Ukraynanı dəstəkləyir. Belə bir vəziyyətdə hər hansı qarşıdurma baş verərsə, Şimali Koreyanın Cənubi Koreyaya zərbə endirmək ehtimalı ön plana çıxır.
Seul bu təhlükədən tamamilə yayınmaq üçün əsas düşməni hesab olunan Şimali Koreya ilə hərbi problemləri birdəfəlik həll etmək niyyətindədir. Lakin prosesin gedişatı rəsmi Pxenyanın verəcəyi reaksiyadan asılı olacaq. Yaxın vaxtlarda Şimali Koreyanın mövqeyi ilə məsələyə böyük ölçüdə aydınlıq gətiriləcək".
Zeynəb Rzayeva
Bakı 



