Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni Ukrayna məsələsində qərəzli mövqe tutmaqda ittiham edir. Bu, Moskva ilə Ankara arasında müəyyən fikir ayrılıqlarının yenidən açıq müstəviyə çıxdığını göstərir.
Rusiya uzun müddətdir Türkiyənin Ukraynaya siyasi və hərbi dəstəyindən narazıdır. Ancaq bu narazılıq iki ölkə arasında münasibətlərin ümumi xarakterini müəyyən etmir. Çünki Moskva da yaxşı anlayır ki, Türkiyə NATO üzvüdür və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyindən tamamilə imtina etməsi real deyil. Buna görə Lavrovun açıqlamalarını həm Ankaraya siyasi təzyiq, həm də Türkiyənin gələcək addımlarına təsir göstərmək cəhdi kimi qiymətləndirmək mümkündür.
Türkiyə isə müharibənin başlanmasından etibarən kifayət qədər mürəkkəb balans qurmağa çalışır. Ankara Rusiyaya qarşı Qərbin sanksiyalarına bütövlükdə qoşulmayıb, Moskva ilə enerji, ticarət və turizm əlaqələrini qoruyub. Eyni zamanda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edib, Kiyevlə müdafiə sahəsində əməkdaşlığı davam etdirib. Bu siyasət bəzən həm Moskvanın, həm də Qərbin narazılığına səbəb olsa da, Türkiyəyə hər iki paytaxtla birbaşa danışmaq imkanı verib. Müharibə şəraitində bu, Ankaranın əlində olan ən mühüm diplomatik üstünlüklərdən biridir.
Hazırda Qara dənizdə təhlükəsizlik məsələsinin yenidən ön plana çıxması Türkiyənin rolunu daha da artırır. Rusiya və Ukrayna arasında qarşılıqlı hücumların limanlara, enerji obyektlərinə və gəmiçiliyə təsir etməsi artıq yalnız iki ölkənin problemi deyil. Qara dəniz vasitəsilə həyata keçirilən ticarət, taxıl və enerji daşımaları region ölkələri ilə yanaşı, daha geniş coğrafiyanın iqtisadi maraqlarına toxunur. Türkiyə isə həm coğrafi mövqeyinə, həm də Montrö Konvensiyası çərçivəsində boğazlarla bağlı xüsusi statusuna görə burada əvəzolunmaz aktorlardan biridir. Buna görə Moskvanın Ankara ilə gəmi təhlükəsizliyi üzrə razılaşma axtarması təsadüfi deyil.
Bu nöqtədə Türkiyənin Ukraynaya qarşı daha sərt mövqe tutması Ankaranın maraqlarına uyğun görünmür. Belə addım Türkiyənin vasitəçi kimi etibarlılığını zəiflədə, Kiyevlə münasibətlərinə zərər vura və NATO daxilində də əlavə suallar yarada bilər. Digər tərəfdən, Ankara Rusiyanın təhlükəsizlik narahatlıqlarını tamamilə nəzərə almadan hərəkət etdikdə Moskva ilə qurduğu dialoq imkanını itirmək riski ilə üzləşir. Buna görə Türkiyənin qarşısında “Rusiya, yoxsa Ukrayna?” seçimi qoymaq məsələnin mahiyyətini tam əks etdirmir. Ankara üçün daha rasional seçim öz milli maraqlarını əsas götürərək hər iki tərəflə işləməyə davam etməkdir.
Türkiyənin qarşıdakı mərhələdə oynaya biləcəyi ən praktik rol böyük sülh sazişindən əvvəl daha məhdud razılaşmaların əldə edilməsinə çalışmaq ola bilər. Qara dənizdə mülki gəmilərə hücumların dayandırılması, liman və enerji infrastrukturlarının qorunması, əsirlərin dəyişdirilməsi və humanitar məsələlər belə bir prosesin başlanğıc nöqtələridir. Əvvəlki taxıl təşəbbüsü göstərdi ki, müharibənin ən gərgin dövründə belə konkret maraqlar üzərində Rusiya və Ukraynanı eyni mexanizm daxilində saxlamaq mümkündür. Kiçik razılaşmalar tərəflər arasında itirilmiş etimadı tam bərpa etməsə də, daha geniş atəşkəs üçün siyasi zəmin yarada bilər.
Nəticə etibarilə, Lavrovun açıqlamaları Türkiyə-Rusiya münasibətlərində böhran kimi deyil, iki ölkənin Ukrayna müharibəsinə fərqli baxışlarının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Ankara ilə Moskva arasında Suriya, enerji, Qara dəniz və Ukrayna kimi məsələlərdə ciddi fikir ayrılıqları mövcuddur, amma tərəflər indiyədək bu ziddiyyətlərin əməkdaşlığı tamamilə sıradan çıxarmasına imkan verməyiblər. Türkiyənin əsas gücü də məhz burada ortaya çıxır: Ankara Moskva ilə danışarkən Kiyevlə əlaqələrini, Kiyevlə əməkdaşlıq edərkən isə Moskva ilə dialoqunu qorumağa çalışır. Müharibənin diplomatik həlli yenidən real gündəmə çevrilərsə, bu kanallar Türkiyənin əhəmiyyətini daha da artıra bilər. Ona görə də Ankara üçün ən düzgün xətt tərəflərdən birinin mövqeyinə tam yaxınlaşmaq deyil, Qara dənizdə eskalasiyanın qarşısını alan və danışıqları mümkün saxlayan müstəqil balans siyasətini davam etdirməkdir.
Züriyə Qarayeva
Bakı 



