İyulun 7-də ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçiriləcək görüş Yaxın Şərqdə güc balansının növbəti dəfə dəyişməsi ehtimalını gündəmə gətirir.
Ağ Evdə baş tutacaq bu görüş təkcə iki müttəfiq ölkə liderinin rəsmi təması deyil, həm də İran, Qəzza və regiondakı digər qaynar nöqtələr ətrafında formalaşacaq yeni strateji xəttin başlanğıcı kimi qiymətləndirilir.
Tramp administrasiyası bu görüşü Qəzza zolağında atəşkəsin əldə olunması və girov mübadiləsi ilə bağlı diplomatik platforma kimi təqdim etsə də, prosesin arxa planında daha dərin geosiyasi hesablamaların olduğu aydındır. Xüsusilə İranın nüvə proqramı, Yaxın Şərqdəki mövcudluğunu gücləndirməsi, Livan, Suriya və Yəməndə silahlı qruplara dəstəyi ABŞ və İsrailin regional narahatlığını artırır. Netanyahu isə uzun müddətdir Vaşinqtondan Tehrana qarşı daha sərt və qəti addımlar tələb edir.
Bu görüş həmçinin hər iki lider üçün daxili siyasi baxımdan xüsusi önəm daşıyır. Tramp qarşıdan gələn seçkilər ərəfəsində xarici siyasətdə əlini gücləndirmək, Netanyahu isə beynəlxalq təzyiqlərə qarşı ABŞ-nin açıq dəstəyini almaq niyyətindədir. Hər iki lider üçün bu görüş həm diplomatik mövqe nümayişi, həm də daxili auditoriyaya verilmiş siyasi mesajdır.
İstisna edilmir ki, görüşdən sonra Qəzzada mərhələli atəşkəs və humanitar dəhlizlə bağlı razılıq açıqlansın, İranla bağlı sərt bəyanatlar verilsin və ABŞ-İsrail arasında təhlükəsizlik əməkdaşlığı daha da gücləndirilsin. Bununla belə, bölgədə sülhün yoxsa yeni bir gərginliyin başlanacağı sualı açıq qalır. Tramp-Netanyahu görüşü bu baxımdan Yaxın Şərqin gələcək xəritəsinin harada və kimlər tərəfindən cızılacağını müəyyən edən siyasi dönüm nöqtəsinə çevrilə bilər.
Ruslan Zəngəzur