ABŞ-də "Lay`s" brendinin istehsal etdiyi çipslər məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən geri çağırılıb. Bununla bağlı ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatında bildirilib ki, həmin məhsullar birinci sinif risk qrupu elan edilib. Bu da o deməkdir ki, sözügedən marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, Oxu.az-ın "Lay`s" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.
"Xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar AQTA-nın mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - deyə məlumatda bildirilib.
Laktoza həssaslığı olan və ya laktoza çatışmazlığından əziyyət çəkən insanların tərkibində süd komponenti olan qidaları qəbul etdikləri zaman yarana biləcək fəsadlar barədə saytın suallarını cavablandıran allerqoloq Günel Məmmədova bildirib ki, həmin insanların orqanizmində müvafiq komponentləri parçalayacaq fermentlərin olmaması allergik reaksiya yaradır.
O deyib ki, bu halda ilkin əlamətlər ishal, qusma, ürəkbulanma olur:
"Əgər şəxsin süd komponentlərinə allergiyası varsa, ilk dəfə bədəndə buna həssaslıq yaranır, növbəti dəfə qəbul edildiyi halda isə allergiya verir. İlkin əlamətlər göründüyü halda həmin şəxs mütləq həkimə müraciət etməlidir. Belə hallarda allerqoloq ikinci dərəcəli olur. Şəxsə daha çox mədə-bağırsaq həkimi müdaxilə edir. Onun vəziyyətindən asılı olaraq ambulator və ya stasionar yardım göstərilməlidir. Mədə-bağırsaq yuyulmalı, qusma əleyhinə preparatlar istifadə olunmalıdır".
Həkim deyib ki, bu, qida allergiyası kimi qeydə alınır və ağırlaşmış hallarda səpgi, zəhərlənmə ilə müşahidə oluna bilər.
Qeyd edək ki, mövcud məsələ ilə bağlı "Lay`s"in Azərbaycanda satışını təşkil edən şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.