• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Aysel Həsənova: “Uşağın sağlam psixoloji inkişafı üçün valideynlərin emosional dəstəyi həlledici rol oynayır”

CƏMİYYƏT

18 Iyul 2025 | 10:56

Aysel Həsənova: “Uşağın sağlam psixoloji inkişafı üçün valideynlərin emosional dəstəyi həlledici rol oynayır”

Bakıvaxtı.az Səhiyyə Nazirliyi Respublika Uşaq Sanatoriyasının şöbə müdiri Aysel Həsənovanın sehiyye.gov.az-a müsahibəsini təqdim edir.

- Aysel xanım, uşaqların sağlam böyüməsi və inkişafı üçün ilk öncə nələrə diqqət edilməlidir?

- Uşaqların sağlam böyüməsi təkcə fiziki deyil, eyni zamanda psixoloji, sosial və emosional inkişafı da əhatə edir. Bu inkişafın düzgün getməsi üçün bir neçə əsas faktora diqqət yetirmək lazımdır. Uşaqların sağlam böyüməsi və inkişafı üçün qidalanma əsas təməl sütunlardan biridir. Hər yaş dövrünün özünəməxsus qida ehtiyacları var və bu ehtiyaclar uşağın sürətlə inkişaf edən orqanizmini dəstəkləməlidir. Balanslı qidalanma dedikdə, uşağın gündəlik qida rasionunda zülal, karbohidrat, yağ, vitamin və mineral maddələrin uyğun nisbətdə yer alması nəzərdə tutulur. Belə ki, zülallar hüceyrələrin qurulması və bərpası üçün vacibdir və əzələlərin inkişafında əsas rol oynayır.
Karbohidratlar uşağın gündəlik enerji ehtiyacını ödəyir və beyin fəaliyyətini dəstəkləyir. Sağlam yağlar (xüsusən Omeqa-3 və Omeqa-6 yağ turşuları) beyin və sinir sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Vitamin və minerallar (məsələn, D vitamini və kalsium) sümük quruluşunu möhkəmləndirir, immunitet sistemini gücləndirir. Dəmir və B qruplu vitaminlər isə qan dövranını və zehni inkişafı dəstəkləyir. Uşaqlarda düzgün qidalanma yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Bu, onların öyrənmə qabiliyyətinə, diqqət toplama bacarığına və emosional vəziyyətinə də ciddi təsir göstərir.
Uşaqlar üçün yuxu, yalnız istirahət deyil, həm də inkişafın təməl elementidir. Yuxu zamanı bədənin bərpaedici sistemləri aktivləşir. Hormonlar, xüsusilə böyümə hormonu, daha çox ifraz olunur və gün ərzində öyrənilmiş biliklər yaddaşda möhkəmlənir.

- Yaş qruplarına görə uşaqların yuxu rejimi necə fərqlənir?

- Yeni doğulmuş körpələr 14–17 saat, 1–2 yaşlı uşaqlar 11–14 saat, məktəbəqədər yaşlılar 10–13 saat, məktəbli uşaqlar isə 9–11 saat yuxuya ehtiyac duyur. Keyfiyyətli yuxu yalnız saatla deyil, mühitlə də ölçülür. Sakit, qaranlıq, rahat və texnologiyalardan uzaq bir yuxu mühiti uşağın yuxu keyfiyyətini artırır. Yuxu pozğunluqları olan uşaqlarda tez-tez davranış problemləri, diqqət dağınıqlığı və hətta böyümə ləngimələri müşahidə oluna bilər.
Uşağın sağlam böyüməsi üçün onun boy və çəki artımının, inkişaf göstəricilərinin, psixomotor qabiliyyətlərinin və peyvənd statusunun pediatr tərəfindən mütəmadi şəkildə izlənməsi vacibdir. Bu nəzarət sayəsində uşağın inkişaf xəritəsi çıxarılır və mümkün risk faktorları vaxtında aşkar olunur. Uşağın ümumi inkişafının mühüm göstəricilərdən biri də standartlara görə boy və çəki göstəriciləridir. Bu göstəricilər mütləq izlənilməlidir.


SON XƏBƏRLƏR