Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə ekspert Eldəniz Əmirov özünün sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, bu səfər, regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək, hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir.
İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir deyən ekpert vurğulayıb ki, ikitərəfli ticarət dövriyyəsi sürətlə artmaqddır. Qeyd edib ki, 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb:
"Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Lakin, yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır.
İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrndə mühüm əməkdaşlığı əhatə edir".
Onu da bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir. 2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır.
"Lakin hesab edirəm ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər.
Həmçinin, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər.
Bir məqamı xüsusi qeyd edim ki, 2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək! Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər",- deyə E.Əmirov qeyd edib.