• Bakı C

    8.77 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Azərbaycanda elm qadınları və onların elmə töhfələri

CƏMİYYƏT

30 Iyun 2023 | 12:19

Azərbaycanda elm qadınları və onların elmə töhfələri

Azərbaycanda elm sahəsində nüfuzu olan qadınların çoxu elmi-tədqiqat bölmələrində, bəziləri ali təhsil müəssisələrində çalışırlar.

Dövlət Statistika Komitəsinin 2022-ci ilin əvvəlinə olan məlumatına görə, ölkəmizdə elmi tədqiqat və işləmələrlə 19751 mütəxəssis məşğul olub ki, onların da 14351 nəfərini və ya 72,7 faizini tədqiqatçılar təşkil edib. Tədqiqatçıların da 8373 nəfəri qadınlardır. Yəni еlmin sаhələri üzrə tədqiqаtçılаrın çoxu, 58,3%-ni qadın mütəxəssislər təşkil edib. Onların da əksəriyyəti elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəliblər.

Sizə bu məqaləmizdə qadın alimlərimizin əvvəldən bu günə qədər necə bir yoldan keçdiyi, hansı sahələrdə daha çox töhfə verdikləri ilə bağlı vahid araşdırma təqdim etməyə çalışacağıq.

Təhsildən elmə - gələcəyə aparan yol

Yaşadığımız kainatı dərk etməyimizi təmin edən və həyatımızı asanlaşdıran elmin kişilərin monopoliyasında olmadığı bir həqiqətdir. Ancaq qadınların təhsilə çatması zəhmət və hüquq mübarizəsi nəticəsində mümkün olubdur.

1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlayıb. Bu işıqlı yolun davamı kimi günümüzdə oğlan və qızlarımız bərabər imkanlar daxilində təhsil alır və dövlətimizin, cəmiyyətimizin inkişafına töhfə verirlər.

Dövlət Statistika Komitəsinin 2021-2022-ci illərinin təhsil pillələri üzrə şagirdlərin və tələbələrin cins bölgüsü ilə bağlı məlumatında qeyd olunub ki, ibtidai təhsil alan 638,8 min şagirdin 47%-ni qadınlar, 53%-ni kişilər, ali və orta ixtisas təhsil alan 266 min tələbənin 51%-ni qadınlar, 49%-ni kişilərdir.

2021-2022-ci tədris ilinin əvvəlinə olan rəsmi məlumata görə, əyani ümumi təhsil müəssisələrində rəhbər işçilərin 5629 nəfərini (51,4%-ni) qadınlar, 5329 nəfərini (48,6%-ni) kişilər təşkil edir.

2021-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 38,3%-dən 39,2%-ə qədər artıb. Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadın direktorların və onların müavinlərinin sayı 1,5% artıb.              

2021-2022-ci tədris ilinin əvvəlinə olan rəsmi məlumata görə, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində professor-müəllim heyəti 8067 nəfəri (54%-ni) qadınlar, 6872 nəfəri (46%-ni) kişilərdir.

Bu məqamda qeyd edək ki, qızlarımızın təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələlərdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir.

Dünyanı dəyişən qadınlar

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova bildirib ki, dünya tarixi müasir dünyaya, bizi əhatə edən məkanda təcəssüm olunmuş və bu gün də həqiqətən əvəzolunmaz hesab edilən bir çox elmi-texniki nailiyyətlər bəxş etmiş alim qadınların, ixtiraçı qadınların uğurları ilə zəngindir: “Bu, həm ilk günəş istilik sistemi, həm də məsələn, Wi-Fi, GPS kimi texnologiyalarda bu gün də istifadə olunan radiotezlikli keçid sistemidir. Bu, həmçinin avtomobilin şüşətəmizləyənləri və mühərrikin istiliyini istifadə edən avtomobilin qızdırıcı cihazı kimi ixtiralardır. Və əlbəttə təbii ki, bu, mətbəxdə işi asanlaşdıran qabyuyan maşın, elektrik mikserləri və bir çox digər məişət texnikası sahəsinə aid olan ixtiralardır.

Azərbaycan tarixi reallığımızı zənginləşdirmiş və zinətləndirmiş, ölkəmizdə elm və texnikanın inkişafında əvəzsiz xidmətləri olan görkəmli alim və ixtiraçı qadınların adlarını xatırlayır və ehtiramla anır. Onların adları çox-çox nəsillər üçün öz məqsədlərinə çatmaqda və xalqına xidmət etməkdə həmişə bir  ruhlandırıcı amil kimi xidmət göstərəcəkdir.

Elm və texnologiya sahəsində qadınların nailiyyətləri haqqında çox danışmaq olar, lakin buna baxmayaraq, dünyanı daim mövcud olan, qadınların innovasiya sahəsindəki məşğulluqlarının çox da yüksək olmaması problemi narahat edir. Əqli mülkiyyət sahəsində gender fərqinin ləğv olunması və onun azalmasına kömək edən siyasət Azərbaycan üçün də aktualdır”.

Azərbaycanın qadın ixtiraçıların aktiv olduğu sahələr

G.Rüstəmova qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2022-ci il 4 oktyabr tarixinə olan məlumatına əsasən, əhalinin sayı 10 156 400 nəfər olduğu halda, kişilərlə 49,96 %  qadınların 50,04 % nisbətini müqayisə etdikdə,  demək olar ki, gender bərabərliyi müşahidə olunur: “Təxminən eyni mənzərə kişi və qadınların ixtiraçılıq fəaliyyətində iştirakı baxımından ixtiraların verilməsi ilə bağlı statistik məlumatların tədqiqinin nəticələrində də müşahidə olunur.

2018-2022-ci illər ərzində Əqli Mülkiyyət Agentliyinə 795 iddia sənədi verilib ki, onlardan 383 iddia sənədində ixtiraçı kimi qadınlar göstərilib. Bu, 48% -dən bir qədər çoxdur və prinsipcə, yuxarıda göstərilənləri nəzərə alaraq, qənaətbəxş qiymətləndirilə bilər.

Qadın ixtiraçıların iştirakı ilə verilmiş nəzərdən keçirilən 383 ixtiraya dair iddia sənədindən 133-ü Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu kimi aparıcı elmi-tədqiqat institutlarına aiddir. 32 iddia sənədi isə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi ali təhsil müəssisələri adından verilib.

Beləliklə, elm sahəsində qadınların ixtiraçılıq fəaliyyətinin mövcud potensialının artması üçün kifayət qədər yüksək imkanlar mövcuddur.

Eyni zamanda, məşğul əhalinin ümumi sayında qadınların sayı 48% təşkil edir. Onların ölkənin sosial-iqtisadi həyatına fəal şəkildə cəlb olunmasını müsbət hal kimi qeyd edə bilərik. Onu da bildirim i, özəl sahibkarlar arasında qadınların xüsusi çəkisi 21,4% təşkil edir ki, bu da əqli mülkiyyətin qorunmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyi bir sektordur. Nəzərdən keçirilən dövr ərzində özəl sektorun qadın nümayəndələrinin fəaliyyəti əsasən sahibkarlar adından verilmiş ixtiraya dair iddia sənədlərinin 30%-indən çoxunu təşkil edir.

Azərbaycanda ixtiraçı qadınların ən böyük ixtiraçılıq fəaliyyəti əsasən Azərbaycanın “vizit kartı” olan kimya sahəsində cəmlənib. Bunlar üzvi və qeyri-üzvi kimya, üzvi yüksək molekulyar birləşmələr; onların alınması, kimyəvi emalı, belə birləşmələr əsasında kompozisiyalar, neft və qaz sənayesi, suyun, sənaye və məişət sularının təmizlənməsi və sairdir. Həmçinin, tibb və kənd təsərrüfatı sahələrində də müəyyən aktivlik müşahidə olunub”.

2018-2022-ci illərin göstəricilərinə əsasən texnikanın aparıcı sahələri üzrə qadın ixtiraçıların aktivliyi

Səsi daha da yüksəkdən gələn qadınlar

Əqli Mülkiyyət Agentliyinin rəsmisi G.Rüstəmova bildirib ki, Azərbaycan qadınlarının öz nailiyyətlərini fəal şəkildə ölkəmizdən xaricə də daşıdıqlarını mütləq qeyd etmək lazımdır: “Avrasiya Patent İdarəsi tərəfindən dərman preparatları və tərkiblərinə, sağlamlıq üçün bioloji əlavələrə,  özünə kremlər, məlhəmlər, losyonlar daxil edən  kosmetik qulluq vasitələrinə, homeopatik vasitələrə, terapevtik və cərrahi müalicə üsullarına və  sairəyə 30-dan çox Avrasiya patenti verilib və bu patentlər Avrasiya Patent Konvensiyasının üzvü olan 8 ölkənin ərazisində qüvvəyə malikdir.

Lakin, bununla belə 2018-2022-ci illər üzrə verilmiş iddia sənədlərində gender nisbəti araşdırılarkən qadın və kişi ixtiraçıların say nisbətində əhəmiyyətli fərq nəzərə çarpır”.

G.Rüstəmova qeyd edib ki, PCT beynəlxalq iddia sənədlərinin verilməsi sahəsində də oxşar mənzərə meydana çıxır, belə ki burada da gender göstəriciləri daha az təsir bağışlayandır: "Amma, bu müvəqqətidir. Qadınlarımıza əməksevərliyin, peşəkarlığın və öz ətraflarındakı aləmi firavan etməyə can atmanın xas olduğunu nəzərə alsaq, ən yaxın gələcəkdə bu göstəricinin də yüksəlməsini gözləmək olar.

Azərbaycanın ixtiraçı qadınları beynəlxalq forumlarda fəal iştirak edir, əldə etdikləri nailiyyətlərə görə yüksək mükafatlar alırlar. Misal üçün, 2019-cu ildə Cənubi Koreyada keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda bir sıra milli və Avrasiya patentlərinin sahibi olan hörmətli ixtiraçılarımız - əczaçılıq elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və əczaçılığın idarə edilməsi kafedrasının müdiri Məhbubə Vəliyeva və tibb elmləri doktoru Məlahət Qəhrəmanova öz patentlərinə görə qızıl, gümüş və bürünc medallara layiq görülüblər.

Bu elm, ixtiraçılıq və sahibkarlıq sahəsində uğurlu fəaliyyətlərin birləşməsinin bariz nümunəsidir. Qadın ixtiraçılarımızın xidmətlərinin siyahısı olduqca böyükdür və onları sonsuza qədər sadalamaq olar. Mühüm olanı odur ki, bizdə eyni zamanda sahibkar, alim və ixtiraçı olan qadınların möhtəşəm ilhamverən nümunələri vardır!

Artıq ixtiraçılıq və sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya öz imkanları haqqında yenicə düşünməyə başlayan bütün xanımlarımıza arzu edirik ki, yaratdıqları əqli mülkiyyətə qayğı ilə yanaşsınlar, özlərinin qurğu, üsul, maddə kimi ixtiralarda ifadə olunan nailiyyətlərinin qorunmasını təmin etmək üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etməklə, onların vaxtında qorunmasına xüsusi diqqət yetirsinlər. 

Azərbaycanda qadın hərəkatının inkişafı

Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dahi şəxsiyyətin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanda qadın hərəkatının inkişafındakı əvəzedilməz rolundan bəhs edən kitab işıq üzü gördü.

Söhbət “Heydər Əliyev-100: Azərbaycanda qadın hərəkatının inkişafı” kitabından gedir.

Bu nəşrin müəllifi Milli Məclisin deputatı, tarix elmlər üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, rəyçisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elmi redaktoru isə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini professor Elmira Süleymanovadır.

“Heydər ƏIiyev-100: Azərbaycanda qadın hərəkatının inkişafı” kitabında respublikamızın elm, təhsil, mədəniyyət və incəsənət sahələrində, eləcə də respublikamızın ictimai-siyasi həyatında və dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışan nüfuzlu Azərbaycan qadınlarının Ümummilli Liderimizin Vətənimiz qarşısında misilsiz xidmətlərinə həsr etdikləri elmi, publisistik məqalələri və xatirələri toplanıb.

Gənclər gəlir... 

İnsanları "bunu kim icad edibsə, sağ olsun" deməyə vadar edən azərbaycanlı qadınların ixtiraları bu gün də davam edir. 

Yaxın keçmişdə gənc azərbaycanlı ixtiraçılar Reynerci (“Rainergy”) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə dünyada şöhrət qazandı. 

Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər. 

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva onlarla görüşdü və dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd edib.

Qeyd edilib ki, BBC-nin illik “100 qadın” layihəsində gənc ixtiraçı, “ASAN xidmət”in ideya müvəkkili Reyhan Camalova dünya üzrə 100 nüfuzlu qadından biri olub. 

***

Azərbaycanın bütövlüyünə qovuşduğu bir zamanda işğaldan azad olunan torpaqlarımızda da yeni təhsil ocaqlarının açılması istiqamətində layihələr hazırlanır və  həyata keçirilir.

İlham Əliyev Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib

Dövlət başçısı İlham Əliyevin və Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təhsilə diqqəti və qayğısı sayəsində yüksək standartlara cavab verən yeni məktəblərin açılması, uşaqların təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir, uşaqların və gənclərin intellektual vətəndaşlar kimi yetişməsi üçün müxtəlif layihələr, müsabiqələr keçirilir, onların xaricdə təhsil almaq və uğurlu karyera qurmaq imkanları genişləndirilir. 

Ramid İbrahimov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir


SON XƏBƏRLƏR