Bayram tətilindən sonra yaranan ən böyük problemlərdən biri də artıq çəkidir. Belə ki, əksəriyyət bayram günlərində sağlam qidalanmağa diqqət etmədiyi üçün çəkisi artır. Bəs bu çəkilərdən necə qurtulaq?
Dietoloq Ofelya Tahirova Bakıvaxtı.az-a bildirib ki, bayramdan sonra bu problemlərdən qurtulmaq üçün qida rasionumuzu normala salmalıyıq: “Yəni, un məmulatlarından, şirin, tərkibində şəkər olan məhsullardan, xüsusilə qazlı, şirəli içkilərdən uzaq durmaq lazımdır”.
Onun sözlərinə görə, yuxu sistemini qaydaya salmaq, mütləq şəkildə gün ərzində iki saat açıq havada yürüş etmək, yataq otağlndan telefon və televizoru uzaqlaşdırmaq məsləhətdir: “Çünki bayram ərəfəsində yediyimiz, orqanizmdə toplanan qeyri-sağlam qidaların nəticəsində yaranan ağırlıqdan qurtulmaq, toksin gücünü azaltmaq üçün bunların hamısına əməl etmək lazımdır ki, bədənimiz təmizlənsin”.
Dietoloq vurğulayıb ki, mütləq gün ərzində 2-2.5 litr maye qəbul etmək lazımdır: “Sidikqovucu çaylardan içmək də məqsədəuyğundur. İtburnu, çobanyastığı çayı dəmləyə bilərik. Qida rasiyonumuzda üstünlüyü tərəvəzə verməliyik. Ümumiyyətlə, 1-2 gün ət məhsullarını tamamilə qida rasionumuzdan kənarlaşdırmaq, menyumuzu tərəvəz ağırlıqlı təşkil etmək, meyvələri axşam yox, səhər və ya günorta yeməyinin sonunda, axşama qədər yemək yaxşı olar. Bunların hamısı bizə bayram ərəfəsində yığdığımız artıq çəkidən azad olmağa, bədəndə toksinlərdən təmizlənməyə yardımçı olacaq”.
O.Tahirova deyib ki, ilk növbədə, qidaların porsiyasını azaltmağa çalışmaq lazımdır: “Tox tutan, amma az kalorili qidalardan istifadə etməliyik. Bura bayaq vurğuladığım kimi, tərəvəzlər, göyərtilər, meyvələr, meyvə quruları bura daxildir. Rasionumuza sitrus meyvələri əlavə etmək həm toksin gücünü azaldır, həm də immun sistemimizin zəifləməsinə imkan verməyəcək. Həmçinin, səhər yeməklərində ödəmatıcı, az kalorili simuzidən istifadə edə bilərlər. Simuzi meyvə və tərəvəzlərin qarışığı bir içkidir. Blender vasitəsilə qarışdırıb içmək olur. Xüsusilə, toksinatıcı, çəkini tez bir zamanda salan yaşıl rəngli səbzələrə, meyvələrə və tərəvəzlərə üstünlük vermək lazımdır. Bunu etsələr, qısa bir müddətdə həm çəkidən azad olacaq, həm də gümrah hiss edəcəklər. Bu hamıya aiddir demək deyil. Çünki hər bir insanın orqanizminə görə fərdi olaraq dəyişə bilər, mən ümumi məlumat verdim”.
Aytac Aslan
















