Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarların istifadəsinə başlanıb.
“Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu vaqon parkında ehtiyat tədbirlərini gücləndirmək və sərnişin tələbatına uyğunlaşmaq məqsədilə edilib.
Qeyd edək ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb, sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub.
Günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür.
Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək.
Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platdormalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək.
Bakı 




