Dünyada ard-arda temperatur rekordları qırılır, meşə yanğınları baş verir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı qlobal istiləşmə dövrünün bitdiyini, dünyanın qlobal qaynama dövrünə qədəm qoyduğunu elan edib.
BMT-nin Baş katibi Antonio Quterreş iqlim böhranını bu sözlərlə izah edib: "Qlobal istiləşmə erası bitdi, qlobal qaynama erası gəldi. Nəfəs almaq mümkün deyil, isti dözülməzdir. Qalıq yanacaq mənfəət səviyyəsi və iqlim hərəkətsizliyi qəbuledilməzdir. Bir dövr başa çatdı, yeni dövr başladı”.
İqlim dəyişikliyinin yaratdığı anomal hava şəraiti dünyada fəlakət ssenarilərinə səbəb olur. İyulun hazırkı temperaturlara görə son 120.000 ilin ən isti ayı ola biləcəyi açıqlanıb.
"İyul indiyə qədər qeydə alınan ən isti üç həftəlik dövrdür. İlin bu vaxtı üçün ən isti üç gün və indiyə qədər ən yüksək okean temperaturu qeydə alınıb. Nəticələr aydın və faciəvidir", - deyə Quterreş bildirib.
O, dünyanı temperatur artımını məhdudlaşdırmaq və iqlim dəyişikliyinin zərərli nəticələrindən qaçmaq üçün təcili tədbirlər görməyə çağırıb:
"Birinci başqalarının hərəkətə keçməsini gözləmək lazım deyil. Bunun üçün artıq vaxt yoxdur. Qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və anomal istilərdən qaçmaq üçün bir araya gəlmək hələ də mümkündür", - deyə BMT-nun Baş katibi vurğulayıb.
Ay Tac
















