“Bəzən sosial şəbəkələrdə və ya mediada özünü təhsil eksperti kimi təqdim edən şəxslər çıxış edirlər. Mən isə sual verirəm: bu insanlar məktəbdə dərs deyiblərmi? Hər hansı elmi məqalələri, beynəlxalq konfranslarda çıxışları varmı? Təhsilləri nədir? Hansı ali məktəbi, hansı ixtisas üzrə və hansı ildə bitiriblər?”
Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, sadəcə Facebook-da nəsə yazmaqla kiminsə ekspert olması real deyil.
“Biz kiminsə şəxsi məlumatını açıqlamırıq, amma onlar istəsələr, özləri təqdim etsinlər – desinlər ki, filan universiteti bitirmişəm, filan sahədə təcrübəm var. Əgər belə deyilsə, onların söylədiklərinə necə inanmaq olar?”
Qeyd edib ki, bəzi insanlar özlərini ictimaiyyətə tanıtmaq, müəyyən populyarlıq və ya gəlir əldə etmək üçün ekspert imici yaratmağa çalışırlar.
“Lakin mən belə “ictimai rəyə” inana bilmərəm. Həqiqi ictimai rəy ölkənin ali məktəb müəllimləri, orta ixtisas və orta məktəb müəllimləri tərəfindən formalaşır. Onlar bu sahənin real biliciləridir”.
Mina Cavidqızı