Türkiyənin Kocaeli vilayətində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi İzmit Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, NTV-nin yaydığı məlumata görə, İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyyət və onun həyat yoldaşı Murat Hürriyyət də daxil olmaqla, 31 nəfər barəsində saxlanılma qərarı verilib.
Fatma Kaplan Hürriyyət və həyat yoldaşı saxlanılıb.
Polis əməkdaşları bələdiyyə binasında və sədrin evində axtarış aparıblar. Antalya, Kırıkkale, İzmit, İstanbul və Ankarada eyni vaxtda əməliyyatların davam etdiyi bildirilir.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində şübhəlilərin ifadələri və gizli şahidlərin məlumatları əsasında İzmit Bələdiyyəsinin keçirdiyi bir sıra tenderlər araşdırılıb.
İstintaq materiallarında tenderlərin qalibləri və iştirakçı şirkətlərin sahibləri ilə bələdiyyə rəsmiləri arasında qohumluq əlaqələrinin olduğu iddia edilir. Bələdiyyə sədrinin həyat yoldaşının isə tender prosedurları, işə qəbul və kadr təyinatlarında birbaşa rol oynadığı irəli sürülür.
Saxlanılan şəxslər cinayət törətmək məqsədilə təşkilat yaratmaq, rüşvət almaq və tenderə müdaxilə etməkdə ittiham olunurlar.
Bundan əvvəl istintaq çərçivəsində bələdiyyənin keçmiş satınalma müdürü Mehmet Ş.V. həbs edilmiş, bələdiyyə sədrinin keçmiş sürücüsü Hüseyn E. isə ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
Bakı 



