Qonaq getdiyi bacısı qızının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində baxılan cinayət işinin materiallarından məlum olub ki, təqsirləndirilən İ.R. 2025-ci ildə ailəsi ilə birlikdə bacısı qızının Xırdalan şəhərində yerləşən mənzilinə qonaq gedib. Evdə nasosu təmir etdikdən sonra otaqları gəzən şəxs yeni quraşdırılmış dolaba baxmaq bəhanəsi ilə yataq otağına daxil olub. Dolabın üst rəfindəki qızıl qutusunu açaraq içərisində olan, ümumi dəyəri 2 027 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla götürüb. İş materiallarına görə, oğurlanan əşyalar arasında kişi nişan üzüyü, iki qadın üzüyü, qadın qolbağı və kişi qolbağı olub.
Məhkəmədə verdiyi ifadəsində İ.R. borcları olduğuna görə oğurluq etdiyini etiraf edib.
O bildirib ki, qızıl-zinət əşyalarının bir hissəsini Xırdalandakı lombarda girov qoyaraq pul alıb, digər hissəsini isə sataraq əldə etdiyi vəsaiti borclarının ödənilməsinə sərf edib.
Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib. O, həmçinin həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, övladının isə daimi müalicəyə ehtiyacı olduğunu deyərək məhkəmədən yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə İ.R. Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəməyədək həbsdə saxlanıldığı iki gün cəza müddətindən çıxılıb və onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bakı 



