2025-ci ilin sentyabr ayının sonuna maliyyə sektoru çıxılmaqla (bankların və digər maliyyə təşkilatlarının depozitləri çıxıldıqdan sonra qalan real sektor depozitləri) depozit portfeli ilin əvvəlinə nəzərən 2.2% artaraq 38 milyard manata çatıb. Hesabat dövründə müddətli depozitlər 15.9% artaraq 16.8 milyard manata çatıb, cari depozitlər isə 6.6% azalaraq 21.2 milyard manat olub. Ölkə iqtisadiyyatına maliyyə sektoru çıxılmaqla ümumi depozit portfeli 6.6%, müddətli depozitlər 22.1% artıb, cari depozitlər isə 3.1% azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə statistika Azərbaycan Mərkəzi Bankının sonuncu "Pul siyasəti icmalı"nda əksini tapıb.
Sənəddə bildirilir ki, 2025-ci ilin 9 ayında hüquqi şəxslərin cəmi depozitləri 1.4% azalaraq 22.2 milyard manat təşkil edib. Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 5.7 faiz bəndi azalaraq 68%-ə düşüb, müddətli depozitlərin payı isə 5.7 faiz bəndi yüksələrək 32% olub. Sentyabrın sonuna hüquqi şəxslərin cəmi depozitləri 3.4% artıb. Eyni dövrdə cari hesabların payı 6.2 faiz bəndi azalıb, müddətli depozitlərin payı isə 6.2 faiz bəndi artıb.
Fiziki şəxslərin cəmi əmanətləri sentyabr ayının sonuna ilin əvvəlinə nəzərən 7.7%, maliyyə sektoru çıxılmaqla 11.5% artaraq 15.8 milyard manata çatıb. Ayın sonuna müddətli əmanətlər üzrə ən böyük payı - 50.2% - müddəti bir ilə qədər olan əmanətlər təşkil edib.
Sentyabr ayında manatla depozitlər 23.8 milyard manat, xarici valyutada depozitlər isə 14.2 milyard manat olub. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2025-ci ilin 9 ayında 1.9 faiz bəndi azalaraq 31.7%-ə enib. Qeyri-rezident fiziki şəxslər çıxılmaqla ev təsərrüfatlarının dollarlaşması 1.6 faiz bəndi azalaraq 29% təşkil edib. Real sektorda dollarlaşma 2.3 və 1.8 faiz bəndi azalıb. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı son bir ildə 0.3 faiz bəndi azalaraq 41.5%-ə düşüb.
2025-ci ilin 9 ayında manatla yeni cəlb olunmuş depozitlər üzrə orta çəkili faizlər azalma istiqamətində olub. Sentyabr ayının sonuna manatla yeni depozitlər üzrə faizlər ilin əvvəli ilə müqayisədə 1.8 faiz bəndi azalarkən, xarici valyutada yeni cəlb olunan depozitlər üzrə faizlər 0.4 faiz bəndi artıb.
Bakı 



