Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 150 xidmətindən 90 faizdən çoxu elektronlaşdırılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, Prezidenti İlham Əliyevin tapşırıqları əsasında son illər Azərbaycanda aparılan ardıcıl sosial islahatların mühüm bir istiqaməti əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçilik və xidmətlərin elektronlaşdırılması olub.
Belə ki, dövlət sosial xidmətlər sisteminin sürətlə rəqəmsallaşdırılmasına, sosial sahədə modern və çevik idarəetmənin qurulmasına imkan verən innovativ həllərin geniş tətbiqinə nail olunub:
"Nazirliyin 18 altsistem və 4 reyestrdən ibarət olan Mərkəzləşdirilmiş elektron informasiya sistemi 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya şəraitində fəaliyyət göstərir. Dövlət sosial xidmətlərinin göstərilməsi sahəsində son illər icra olunan elektronlaşma proqramının mühüm uğurlarından biri də bu xidmətlərin proaktiv qaydada təqdim edilməsi mexanizmlərrinin qurulmasıdır".
Qeyd edilib ki, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50-dən çox xidmət proaktiv yaradılıb.
"Bu proaktiv xidmətlərin nəticəsi olaraq, vətəndaşlara pensiya, müavinət, təqaüdlər onların müraciətinə və sənəd toplayıb təqdim etməsinə ehtiyac qalmadan e-sistem üzərindən proaktiv şəkildə təyin olunur. Ötən dövrdə Nazirlik tərəfindən 1,5 milyon proaktiv təyinat xidməti göstərilib", - məlumatda deyilir.
Bildirilib ki, "e-sosial" portalı rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən işlər çərçivəsində "mygov" platformasına inteqrasiya edilməklə mayın 1-dən fəaliyyətini tam olaraq dayandırıb. Bununla da Nazirlik e-xidmətləri "mygov" platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin may ayında geniş funksional imkanlara malik e-sosial.az portalı, "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) də yaradılıb:
"Sosial xidmətlər sahəsində aidiyyəti qurumlar arasında koordinasiyanı gücləndirən, sosial xidmətlər sahəsində birgə işin təşkili prosesinin şəffaf və operativ, səmərəli təşkilinə şərait yaradan "Sosial işin idarə olunması" elektron sistemi, peşəyönümü və karyera planlamasına, gənclərin peşə seçimi və karyera inkişafı prosesinə dəstək göstərən, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığını artıran "Mərkəzi Karyera Portalı" və s. də istifadəyə verilib. Əlillik dərəcəsinin müəyyənləşdirilməsi tam elektron qaydada, şəxsin kimliyini müəyyən edən bütün məlumatlar adsızlaşdırılmış (anonimləşdirilmış) sənədlər üzərində həyata keçirilir ki, bu da prosesin obyektivliyini və ədalətliliyini daha da gücləndirir".
Həmçinin məlumat verilib ki, nazirlik tərəfindən artıq xidmətlərin göstərilməsi sahəsində süni intellekt texnologiyalarına keçid prosesinə də başlanıb.
"2025-ci ildə "Əlillik" altsistemində tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və s. imkan verib. Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində işlər davam edir. Süni intellekt həllərinin digər fəaliyyət sahələrində, o cümlədən məşğulluq, fərdi məşğulluq proqramlarının hazırlanmasında, fərdi reabilitasiya və abilitasiya proqramlarının tərtibində və s. tətbiqi də nəzərdə tutulur. Son illər sosial sahədə əldə olunan rəqəmsal nailiyyətlər Azərbaycanın sosial sahədə uğurlu innovativ təcrübələri kimi beynəlxalq səviyyədə də yüksək qiymət alır", - deyə məlumatda vurğulanıb.
Bakı 



