• Bakı 10° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Elmlər doktoru dərəcəsi kimə sərf edir? - AÇIQLAMA

CƏMİYYƏT

29 Aprel 2025 | 14:40

Elmlər doktoru dərəcəsi kimə sərf edir? - AÇIQLAMA

"Bu gün Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq yoxdur, yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri - riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, Avropada doktoranturanın ikinci pilləsi - elmlər doktoru üzrə qəbul artıq keçirilmir. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb ki, Rusiya və Azərbaycanda eyni qalan da Ali Attestasiya Komissiyasıdır:

"Xaricdə elmi adları universitetlər verir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır".

AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olmasının yalnız təəccüb doğuracaq hal olduğunu deyən Z.Əliyev əlavə edib ki, dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 230-250 səhifə olmalıdırsa, (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur:

"Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı seminar və müdafiə protokollarına qoyulan tələbləri də, şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur. Səhifələrin sayı AAK-ın son qərarına görə 15-dən az olmamalıdır. Təsəvvür edin ki, dissertasiya işin 250 səhifədir, ilkin müzakirədən iki rəy, sonrakı müzakirədən iki rəy, seminardan iki rəy, üstəgəl avtoreferatlara rəylər, müdaifədən sonra rəylər, protokol, protokoldan çıxarış, protokola rəy və sairə proseslərdən sonra 200 səhifəyə yaxın sənədlər alınır. Bura məqalələrin surətini və digər sənədləri əlavə eləsək AAK sadəcə insanların əsəbi və cibi ilə oynayan şərtlərlə işini aparır".

O qeyd edib ki, protokolları hazırlayan elmi dərəcə namizədləri bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək, yenidən işləmək məcburiyyəti qarşısında qalırlar. AAK-nın  mütəxəssisləri bu və ya digər başlığın bu və ya digər cümləsindəki sözünün yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələri də tez-tez dəyişirlər. Bildirib ki, fəlsəfə doktoru və elmlər doktoru prosesi də demək olar ki, eynidir, sadəcə elmi işin həcmləri, məqalələrin sayı və ən əsası xaricdə çoxsaylı məqalələr:

"Azərbaycan elmində elə mövzular var ki!! Lazımsız mövzular, lazımsız araşdırmalar nə qədər olar axı…. Elm yenilik sevir. Bir mövzunu ora-bura çevrib, neçə adam müdafiə etməlidir axı?

Mən tədqiqat aparıram və nəticəsini elmi jurnallarda dərc etməliyəm. İndi sanballı elmi jurnallarda məqalə çap etmək üçün ən azı 80-100 manat pul ödəməlisən. Bizdə sanballı jurnallar çox azdır, xüsusən ictimai və humanitar sahədə. Onlar da pul almasalar, çap edilə bilmirlər, çünki maliyyə ayırlmır. Ən azı 15-20 məqalə çap etməliyəm, üstəgəl də xaricdə sanbalı jurnallarda məqalə dərc etməyi tələb edirlər. Orda da ödəniş ən azı 150 dollardan 1000 dollara qədər tələb edilir. Humanitar və ictimai elmlər üzrə nəşr edilən xarici jurnallarda bizim ölkə alimləri pulsuz dərc edə bilmirlər".

Dosentin sözlərinə görə, elmlər doktoru dərəcəsini almaq üçün konfranslarda tezis və yazılarımız dərc edilməlidir ki, bu da gedib iştirak edilməsə, ən azı 50 manat edir:

"Bəzi nüfuzlu konfranslarda dərc edilmək 100 dollardan yuxarıdır. İkincisi, mən xaricdə arxivlərdən sənəd almalıyam, sənədin bir vərəqinin surəti 1 avrodan 10 avroya qədər dəyişir. Yaxşı kitablar almalıyam, yeni dərc edilən kitabların təkcə elektron variantı 26 dollardan üzü yuxarı gedir. Almalıyam ki, dünya alimlərinin əsərləri ilə tanış olub, onlardan yeni nəsə öyrənmək olsun. Almasan, oxumasan da, sən özünə savadlı alim deyə bilmərsən. Arxiv sənədləri istifadə etməsən, sənin tədqiqatın heç nədir. Sadəcə söz yığnağı olur. Fakt mühüm əhəmiyyət kəsb edir müasir elmdə. Dünya elmi faktlar yazdığına görə səni qəbul edir. Sonra mən bir alim olaraq kitab yazmalıyam, yazıram 100 kitab ən azı 500 manata çap edilir. Banka borca girib ayda o krediti ödəməliyəm ki, kitab dərc edilsin.

Hələ xırda xərcləri çıxsaq Elmlər doktoru elmi dərəcəsini almaq üçün ən azı alimə 10 minə qədər pul lazımdır. Sonra isə müdafiə prosesində sənəd işlərinə də 2 min manat.

Niyə mən bu qədər pulu verib elmlər doktoru elmi dərəcəsi almalıyam ki, sonda 60 manat fəlsəfə doktoru elmi dərəcəmə +40 manat əlvə ediləcək?

Azərbaycanda son 10 ildə “elmlər doktoru” adını alanların siyahısına baxsanız, görərsiniz ki, elmlər doktorunu qoruyub saxlamaq kimlərə sərf edir. Məmurlar, deputatlar, məmur xanımları, baldızlar, bacılar, qaynanaylar, qaynatalar, əmilər, dayılar…

Bəs ALİMLƏR? AMEA-da o qədər dəyərli alimin sənədləri AAK-da qala-qala məmur və biznesmenlərin diplomları bəh-bəhlə verilir. Mövzularından xəbəri olmayan bu şəxslər “elmlər doktoru” adını neynəyirlər axı?

Heç onlardan soruşan da yoxdur ki, sənə dövlət mühüm vəzifə verib, necə vaxt tapdın elmi tədqiqatı aparmağa? Hansı kitabxanada oldun, hansı arxivdə çalışdın? Hansı elmi müəssisədə müzakirələrdə iştirak elədin?"

Fikrincə, biz elmdə zamandan çox geridə qalmışıq, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik, inkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olanlar Azərbaycanda elmi adların verilməsində SSRİ-nin qalıqlarını qorumaqda davam edirlər.

"Biz dövlət başçısına ümidliyik, elm sahəsində islahat aparılmalı, lazımsız adlar aradan qaldırmalı, elmin gəncləşməsinə dəstək verilməlidir. Biz “elmlər doktoru” prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında yazılar nəşr etdirməyə, kitablar yazmağa, elmi dünyaya çıxarmağa sərf etməliyik",- deyə Zaur Əliyev əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR