• Bakı 20° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Eyyub Hüseynov: “Mən Əzraildən çox həkimdən qorxuram“ - MÜSAHİBƏ

MÜSAHİBƏ

14 Iyun 2022 | 11:32

Eyyub Hüseynov: “Mən Əzraildən çox həkimdən qorxuram“ - MÜSAHİBƏ

Demək olar, hər gün istehlakçıların hüquqları bu və digər hallarda pozulur. Çox vaxt da haqlı olduğumuz halda, hüquqlarımızı müdafiə edə bilmirik. Azad İstehlakçılar İctimai Birliyinin sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynovla müsahibəmiz də elə bu yöndə oldu.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

Aidiyyatı qurumlar hadisə yerinə insan öləndən sonra yüz dəfə gəlsinlər, nə mənası var?!

- Havalar isindikcə zəhərlənmələrin sayı da artır. Xüsusilə küçədə açıq havada satılan məhsullardan zəhərlənmələr çox olur. Sizcə, bu, küçə ticarətinə nəzarətsizliklə bağlıdır?

- Bu cür məsələlərin kökünü qanunlarda axtarmaq lazımdır. Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Azərbaycan hökumətinin istehlakçıların hüquqlarının qorunması haqqında qanunlar kompleksi, bu qanunları yerinə yetirməyə cavabdeh olan dövlət orqanları həddindən artıq zəifdir. Azərbaycan hökumətinin birtərəfli siyasəti var: biznesə toxunmaq olmaz. Bu səhv siyasət bu cür vəziyyətin yaranmasına gətirir. Bu gün elə bir vəziyyətdir ki, ən təhlükəli malın satıldığını bilib hər hansı dövlət orqanına zəng vurub desək, nəticəsi olmayacaq. Çünki heç kəsin icazəsi yoxdur ki, gəlib onun qarşısını alsın. Qarşısını almaq üçün uzun bir presedur var: yoxlayan insan Ədliyyə Nazirliyinə müraciət etməli, nazirlik müəssisəyə nə üçün yoxlamaya gələcəyini xəbər verməlidir. Bir həftə içərisində sənət verdikdən sonra yoxlama olur. Belə anormal vəziyyət gətirib zəhərlənmələrə çıxarır. İki il yarımdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranıb, lakin onların da əl-qolu bağlıdır. Təəssüflər olsun ki, maarifləndirmə işindən artıq bir iş görə bilmirlər.

- Çox yaxşı məqama toxundunuz ki, yoxlama prosesi çox uzun müddət çəkir. Bəs istehlakçı ziyan çəkdiyi müəssisəyə cəza verilməsi və ya bağlanması üçün nə etməlidir?

- Sualınızdan bir də aydın olur ki, aidiyyatı qurumlar hadisə baş verəndən sonra gəlirlər. İnsan öləndən sonra yüz dəfə gəlsinlər, nə mənası var?! (gülür). Ölkədə, demək olar, qabaqlama tədbirləri yoxdur. AQTA-nin əsasnaməsinə baxsaq, əsasnamədə, birmənalı şəkildə, qidanın təhlükəsizliyinin təmin olunması nəzərdə tutulur. Keyfiyyət məsələsi isə, demək olar, qalıb ortalıqda, heç bir dövlət orqanı bu işlə məşğul olmur. Sanki hökumət deyir, mən sənə elə bir şərait yaradıram ki, sən yediyin yerdə, tikə əlində zəhərlənib ölməzsən, sonra tədricən zəhərlənərsən, eybi yoxdur, onsuz da, hamı bir gün öləcək, geci-tezi var.

Sonuncu - Şəmkir hadisəsi ilə bağlı da bizə məlumat verildi ki, dönərçilərin özü də zəhərlənib. Təəssüf ki, zəhərlənəndən sonra gəlir, ekspertiza götürürlər. Daha sonra müəssisə bağlanır, cərimələr tədbiq edilir və s. Bütün bunlara rəğmən Azərbaycan hökuməti istəyir ki, biznes inkişaf eləsin, həmin bizneslər yenidən bərpa olunur, o işləri görür. Təsadüfi deyil ki, 26 ildir AİB murdar olmuş heyvan ətlərinin regionlardan kəsilib Bakıya gətirilməsini ifşa etmək istəyir, daim təqib edir, lakin qarşısını ala bilmirik.

Murdar ət kəsimi bələdiyyələrin, sahə müvəkillərinin gözü qarşısında baş verir

- Zaman-zaman qanunsuz ət kəsilməsi ilə bağlı məsələ qaldırırsınız, problemin birdəfəlik həlli nədir?

- Bu problemin birdəfəlik kökündən həlli üçün mütləq qanunlar dəyişməlidir. Murdar ətin kəsilib Bakıya daşınılaraq dönərxanalara verilməsinin qarşısını almaq üçün ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar təkcə cərimə edib buraxmır, cinayət işi qaldırır, həbs edirlər. Lakin Azərbaycan məhkəmələri həmin adamlara bəraət verir. Yenə də qanunların zəifliyi çıxır ortaya. Bizdə olan məlumatlara görə, həmin adamlar qayıdıb yenidən o işlə məşğul olurlar. Bu işin kökündən həllinə nail olmaq üçün, birincisi, qanunlar təkmilləşdirilməli, ikincisi, güclü ictimai qınaq olmalıdır. Murdar ət kəsimi məsələləri bələdiyyələrin, sahə müvəkillərinin, müəllimlərin, ziyalıların gözü qarşısında baş verir. İnsanlar “qonşum məndən küsər” bariyerini aşıb cəmiyyət üçün daha faydalı olmağa çalışmalı, həmin şəxslər ictimai qınağa məruz qalmalı, hadisəni görən şəxslər lazimi orqanlara məlumat verməlidir. Bu kimi məsələlər həll olunmalıdır. Ümumiyyətlə, qidanın tək təhlükəsizliyi yox, həm də keyfiyyəti məsələsi masanın üstündən götürülməli və hansısa dövlət orqanı bununla ciddi məşğul olmalıdır.

Ən keyfiyyətsiz və yararsız ətlər dönərxanalara gedir

- Hər kəs bilir ki, ölkədə istər toyuq, istərsə də mal əti bahadır, ancaq buna baxmayaraq, bir manata dönər satılan yerlərin də sayı az deyil, bu hal bir çox insanda şübhə doğurur. Bəs nəzarət edən orqanlarlarda necə?

- Şübhə varsa, deməli, o şübhə həqiqətə aparan yoldur. Deməli, həqiqət o bir manatlıq dönəri yeyəndə deyil, başqa yerdədir. Həqiqət bundan öncə danışdığımız yerlərdədir. Ən keyfiyyətsiz və yararsız ətlər dönərxanalara gedir. Təxminən, dönərlərin qiyməti 4 manatdan aşağı olmamalıdır. Əlbəttə, biz istehlakçı təşkilatı olaraq çalışırıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsın, lakin bu qədər ucuz mal, əlbəttə, istehlakçıların narazılığına səbəb olur. Təsadüfi deyir ki, AİB-ə hər həftə dönərxanalarla bağlı zənglər gəlir. Dönərxana məsələsi ölkədə ciddi problem olaraq yaşanır. Mən dəfələrlə AQTA-də İctimai Şuranın üzvü olaraq bu məsələni qaldırmışam, həll yollarını da təklif etmişəm. Lakin, təəssüflər olsun ki, AQTA və lazimi qurumlar hələ kifayət qədər dəstək verməyiblər.

AQTA-nın ictiami rəy izləmə mexanizmi həddindən artıq səmərəsizdir

- Qeyd etdiyiniz kimi, siz həm də AQTA-da İctimai Şuranın üzvüsünüz. Quruma daha çox hansı səpkidə şikayətlər gəlir?

- AQTA-ya  əlbəttə, gündəlik istehlakçı şikayətləri gəlir. Sizin saytınız vacitəsilə elan edirəm ki, istehlakçlılar “1003” qaynar telefon xətti ilə AQTA-ya qidanın təhlükəsizliyi ilə bağlı şikayətlər edə bilər. Ən çox şikayətlər bura gəlir. Lakin İctimai Şura səviyyəsində şikayətlərin bir hissəsi biznes qurumların AQTA ilə olan problemləri ilə bağlıdır. Misal üçün, biznes qurumlarının AQTA-nın məhsulları ekspertiza etməyi ilə bağlı şikayətləri var. Hər səhər saat 6-da insanlar yuxudan durmamış dükanlara avtomobillərlə mal daşınır. AQTA sənəd verməlidir, əks halda mağaza məhsulu qəbul etmir. Yəni, AQTA-nın adamları saat 6-da durub gedib minlərlə maşına sənəd verə bilmir. Bu kimi problemlər var. Həmçinin, balıqçı, tərəvəzçi və gübrə idxalçılarının AQTA-ya şikayətləri olur bəzən. Biz İctimai Şurada bu kimi məsələləri müzakirə edir və AQTA rəhbərliyinə çatdırırıq. Lakin AQTA-nın ən böyük çatışmaz işlərindən biri budur ki, ictimai rəylə normal işləyə bilmir. Misal üçün, televiziyada göstərilir ki, filan yerdə təhlükəli bir kolbasa istehsal olunub satılır, AQTA onu təqib edə bilmir. Gərək ora məktub göndərsin, orda görülən işlər barədə nəticələr çıxarsın və s. Çox təəsüf ki, AQTA-nın ictiami rəy izləmə mexanizmi həddindən artıq səmərəsizdir.

- AQTA-ya əlavə səlahiyyətlər verilməsini istəyirsiniz, əgər verilsə, həqiqətən də, problemlərin həllində müsbət nəticə göstərəcək?

- Biz AQTA-nın rəhbərliyi ilə söhbətlərimizdə, o cümlədən, ictimai şurada onlar qorxa-qorxa səlahiyyətlərinin olmadığını deyirlər. Misal üçün, xaricdən idxal olunan məhsullarla bağlı problemlər yaşandıqda AQTA deyir ki, mənlik deyil, çünki bizim gömrükdə nümayəndəmiz yoxdur. Doğrudan da, AQTA-nın gömrükdə nümayəndəsi yoxdur, yalnız hava limanında var. Onlar da gömrük orqanlarının ekspertiziyasından sonra baxırlar. Ölkədə ciddi problemlərdən biri budur ki, AQTA hətta xaricdən gələn təhlükəli bir məhsulu media vasitəsilə ifşa etmək istəsə də, məhsulun sertifikatı varsa, bir dövlət orqanı digər dövlət orqanının verdiyi sertifikatı təkzib etməyə cəsarəti çatmır. 26 ildir vəziyyət belədir, sertifikatı verən hər hansı orqana yox deməyə cəsarəti çatmır. Əlbəttə, AQTA-ya əlavə səlahiyyətlər verilsə və üzərində ciddi ictimai nəzarət olsa, düşünürəm ki, vəziyyət xeyli dəyişər. Burada əlavə səlahiyyətlərin biri cəld müdaxilə etmə mexanizmidir. Məhsulların geri çağırılma mexanizmi də yoxdur. Təhlükəli məhsul satılır, insanlar zəhərlənir, heç bir mexanizm yoxdur ki, həmin məhsulu yığışdırsın. Bu kimi böyük problemlər var.

AQTA, onsuz da, üzərinə böyük səlahiyyətlər götürüb, özündə çoxlu qurumları birləşdirib. Bizim tənqid etdiyimiz hallardan biri də, AQTA-nın həm sertifikat vermə, həm də məhsulun təhlükəsizliyini təmin etmə funksiyasının bir yerdə olmasıdır. Bizim fikrimizcə, bu, ziddiyyətdir. Eyni bir orqan həm sertifikat verib, həm də onun keyfiyyətinə nəzarət edə bilməz. O mənada bilməz ki, burda maraqlar konfilikti var. Əgər sanaye üsulu ilə istehsal olunmuş məhsuldan insan zəhərlənərsə, gedib istehsalçının qarşısında məsələ qaldıranda deyəcək ki, sertifikatı sən özün vermisən, AQTA. Yəni, özü özünü ifşa edə bilməz. Ona görə də, biz həmişə təklif edirik ki, sertifikat verən orqan müstəqil olmalı, məsuliyyət daşımalı, lazım olsa, AQTA ilə onlar arasında daim əlaqə olmalıdır ki, sertifikat verən orqan insanların zəhərlənməsində cavabdehlik daşısın. Təəssüf ki, belə deyil. AQTA-ya bir neçə səlahiyyət verilsə, məsuliyyət daha da artar. Qeyd etdiyim kimi, çox səlahiyyət verilib, lakin istehsalçıya lazım olan səlahiyyət, təəssüf ki, zəifdir. Bu da ondan qaynaqlanır ki, ölkənin istehlakçı hüquqlarına qarşı siyasəti çox zəifdir.

- Qeyd etdiniz ki, xaricdən idxal olunan məhsulların təhlükəsizliyinin qorunmasında AQTA məsuliyyət daşımır, bəs öz istehsal etdiyimiz məhsullarda niyə zəhərlənmələr baş verir?

- Əgər biz Azad İstehlakçılar Birliyinin 26 illik təcrübəsini vərəqləsək, hələ bu illər ərzində mən görməmişəm ki, zəhərlənmədən dünyasını dəyişmiş insanın ailəsinə, əlil qalmış şəxsə bir konpensasiya verilsin. 26 ildə mən görməmişəm ki, deyilsin bu insan sənaye üsulu ilə hazırlanmış məhsuldan zəhərlənib. Daim deyirlər, istehlakçı özü günahkardır, özü şorabadan zəhərlənib, özü bişirmişdi, özü aparıb səhv saxlayıb, ancaq özü, özü, özü.... AİB bunun səbəbini bilir: çünki sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqan sovet vaxtı bir əldə, Səhiyyə Nazirliyində olub, zəhərlənmədən ölənlər ciddi cəhdlə gizlədilib. İndi də həmin salahiyyət AQTA-dadır. Özü sertifikat verdiyi sənaye üsulu ilə hazırlanmış məhsula necə deyə bilər ki, bundan zəhərlənib. Ona görə də, hələ də vəziyyət belədir. Və mən 26 ildə görməmişəm ki, Azərbaycan həkimi, hətta əlini kəssən belə, yazmayıb ki, bu şəxs filan şeydən zəhərlənib. Nəsə yazsa belə, sənaye üsulu ilə hazırlanmış məhsul olmur. Bu məsələ həll olunmadan qalıb, AİB bunun üçün narahatdır. Ölkədə zəhərlənmədən ölənlərin statistikası ciddi cəhdlə gizlədilir. Əgər biz dövlət sənədlərinə, statistikaya fikir versək, ümumdünya göstəricisinə uyğun bir tənasüb qursaq, təxminən, ildə 420 adam zəhərlənmədən ölməlidir. Lakin Azərbaycanda statistika bir, iki, üç nəfər göstərir. Sovet vaxtında isə iki-üçü aşmırdı. Səbəbi də odur ki, gizlədilir. Biz bu vəziyyətlə, hökumətin istehlakçı siyasəti ilə razı deyilik.

Azərbaycan istehlakçılarının ən böyük səhvi evdə şoraba bağlamaq mədəniyyətsizliyidir

- Hər zaman istehsalçının səhvlərindən danışırıq, bəs istehlakçının hansı yanlışları var?

- Bəli, istehlakçı da səhvdən xali deyil. İstehlakçı dilində buna istehlakçı ekstremizmi deyirlər. Misal üçün, istehlakçı gedib endirimlə bir mal alır, onu geyinmir, görəndə ki, endirim bitib, qiymət qalxıb aparıb deyir ki, qaytarıram. Satıcı da endirimli qiymətlə ödənişi qaytarmaq istəyəndə istehlakçı deyir ki, xeyr, indi qiymət fərqlidir.

Dünən də iki zəng gəlib: istehlakçı dükanda məhsula toxunub qırıb mənə deyir ki, niyə pulunu verməliyəm, düz qoymayıblar. Dedim, xeyr, sən onun pulunu verib kassa çekini də almalısan.

Onu da qeyd edim ki, istehlakçı bütün dünyada hər zaman bilgisizdir. İstehlakçı dünyanın hər yerində aldadılır. Bizə gələn şikayətləri vərəqləsək, çox qəribə istehlakçı şikayətləri görərik. Məsələn, illər öncə gələn şikayətlərdən biridir: istehlakçı pişiyinə qızıl diş taxdırmaq istəyəndə həkim onu aldadıb dişi başqa metaldan taxıb. İstehlakçı bunu bildikdən sonra dişi dəyişdirdik.

İstehlakçıların qida sanayesi məsələsinə qayıtsaq, Azərbaycan istehlakçılarının ən böyük səhvi evdə şoraba bağlamaq mədəniyyətsizliyidir. Bu Azərbaycan mətbəxindən mütləq yığışdırılmalıdır. Ən çox zəhərlənmələr də bunlardan olur, Azərbaycan istehlakçıları bu mədəniyyətsizlikdən canını qurtarmalıdır.

- İstehlakçı səhvlərindən danışmışkən, bayaq qeyd etdiniz ki, istehlakçı zərər çəkdiyi halda kompensasiya edilmir, burda da günah istehlakçının özündə deyilmi, niyə tələb etmir?

- İstehlakçı tələb etdiyi halda vermədikdən sonra nə etməlidir?! Və yaxud elə bir sənəd verirlər ki, heç bir məhkəmə iddiasında yaramır. Həkim yazmır ki, bu adam nədən zəhərlənib. Ya onu tədqiq edə bilmir, ya da qorxur. Çünki yazsa, masanın üstünə həmin məhsulun sertifikatı qoyulacaq. Bu dəfə həkim ifşa olunacaq, məhkəmələr də həkimin yazdığına yox, sertifikata inanırlar. Belə bir vəziyyətdə istehlakçının həyatı təhlükədə qalır. İstehlakçı nə qədər tələb etsə də, sonu məhkəmədir. Üstəlik, ölkədə müstəqil ekspertizanın nəticələri məhkəmələrdə hüquqi sənəd kimi tanınmır. AİB bununla da razı deyil. Biz dəfələrlə məhkəmələrə düşmüşük, xarici ölkələrdə ən məşhur laboratoriyalarda ekspertizalar etmişik, məhkəmələr qanunvericiliyi çıxarıb stolun üstünə qoyub ki, bizdə keçərli deyil.   Hesab edirik ki, müstəqil ekspertiza yaranmalı, onların nəticələri hüquqi sənət kimi məhkəmələrdə tanınmalıdır.

Borc dəftərində adı olan şəxs hmin marketdən şikayət edə bilərmi?!

- Çox vaxt məhəlləarası kiçik dükanlarda vaxtı keçmiş məhsulların satıldığının şahidi oluruq, hər kəs də bunu belə də olmalı imiş kimi qəbul edir. Buna münasibətiniz nədir?

- Həmin o məhəllələrarası marketlərin digər gözə görünməyən özəlliyi budur ki, başqalarından fərqli olaraq orda borc dəftərləri var.  Bir adamın borc dəftərində adı varsa, şikayət edə bilərmi?! Onun dili artıq qısa olur. Biz, əlbəttə, məhəllə marketlərinin mövcudluğunun tərəfdarıyıq, ancaq bu şərtlə ki, onlar gecələr soyuducuları söndürməsin, vaxtı keçmiş mal satmasın. Lakin insanlar onlardan asılı vəziyyətdədir. Ordan bizə telefon zəngləri şəklində şikayətlər gəlir, biz də AQTA-ya yönəldirik.

- Bəs AİB-ə daha çox marketlərlə bağlı şikayətlər gəlir, yoxsa restoranlarla?

- Mənə daha çox marketlərlə bağlı şikayətlər gəlir, nəinki restoranlarla. Restoranlarla bağlı şikayətlərin özəyində bəzi şeylər dayanır. Misal üçün, dünən belə bir şikayət gəlib ki, istehlakçı yemək yedikdən sonra ofsiantlara əlavə pul verilməsi istənilib. Bu məsələ restoranlarda son üç ildə aktualdır. Restoranlarda “face control” edib insanların buraxılmaması, yanında qadınla gəlməlisən qaydası, çayın yalnız kompleks şəklində verilməsi və s. bu kimi anormal hallar var.

Lakin dükanlardan gələn şikayətlər daha çoxdur. Dükanlardan, xüsusilə marketlərdən gələn şikayətlərin əksəriyyəti ondan ibarətdir ki, rəfdəki qiymətlə kassada deyilən qiymət fərqli olur. Yeri gəlmişkən, deyim ki, istehlakçının hüququ var, rəfdə gördüyü qiyməti versin. Bu, süni qiymət artımıdır, təəssüf ki, belə məsələlər mövcuddur. Bütün müasir supermarketlərdə kartla ödəmədə ehtiyatlı olsunlar. Kartla ödəmədə müştərinin almadığı məhsulları vururlar. Misal üçün, qoz almısınızsa, onu qoz ləpəsi adı ilə vururlar. Deyəndə isə səhv etdiklərini deyirlər. Belə halda istehlakçılar mütləq İqtisadiyyat Nazirliyinin 5997600 xəttinə zəng vuraraq məlumat versinlər ki, süni qiymət artımının qarşısı alınsın.

Təəssüflə deyirəm ki, restoran və marketlər üçün heç bir qayda mövcud deyil. Marketə girəndə insanlara potensial oğru kimi baxırlar, lazım olsa onun çantasını yoxlayır, alıb saxlayırlar. Çanta itərsə, heç kim cavabdehlik daşımır. Dəfələrlə bu problemin həll edilməsi üçün biz İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışıq. Tələb etmişik və indi də tələb edirik ki, Nazirlək Kabineti restoran və marketlər üçün qaydalar hazırlasın, istehlakçılarla o cür davranmasınlar. Təəssüf ki, belə bir qayda yoxdur və istehlakçı ilə çox pis davranılır.

- Restoranlarda servis haqqı məsələsinə toxundunuz. Ümumi hesabdan əlavə servis haqqı istənilməsi qanunidirmi?

- Qeyd edim ki, bir çox ölkələrdə bu var. Misal üçün, Kanadada servis haqqı 20% həcmindədir, ancaq könüllüdür. Mən demirəm, başqa ölkələrdə varsa, bizdə də olmalıdır. Mən başqa ölkələrdə istehlakçı hüquqlarını pozan çox-çox pis şeylər görmüşəm. Bizim ölkədə xeyli müsbət cəhədlər də var. Lakin digər ölkələrin istehlakçı hüquqlarını pozmağa yönəlmiş jestlər sürətlə Azərbaycana gəlir. Əlavə servis haqqı istəmək əvvəllər yox idi. Düşünürəm ki, Nazirlər Kabinetinin restoranlara aid uyğun qaydası olmadığı üçün servis haqqı istəyə bilərlər, qanun qadağa etmir. Ancaq bu şərtlə edə bilərlər ki, istehlakçı öncədən bilsin. Yəni, menyuda yazıla bilər, masanın üzərində kağız qoyulub bildirilə bilər ki, səndən filan faiz servis haqqı götürüləcək. İstehlakçı öncədən bunu bilməlidir, çünki istehlakçının məhsul və xidmət haqqında ətraflı məlumat almaq hüququ var.

Təhlükəli şprislər ölkənin əmtəə bazarını tutub

- İstehlakçıların ən çox əziyyət çəkdiyi şeylərdən biri də apteklərdə satılan dərmanların keyfiyyətsiz olmasıdır, bu haqda nə deyə bilərsiniz?

- Hazırda Azad İstehlakçılar Birliyi bu sahədə şpristlərin tədqiqatını aparır, nümunələr var. Təhlükəli şprislər ölkənin əmtəə bazarını tutub. 2019-cu ildə biz bu seqmentdə böyük dəyişikliklər aparmağa nail olduq. Bizim birinci köməkçimiz kütləvi informasiya vasitələri oldu. Bu ilin fevral ayından şikayətlər yağış kimi yağmağa başladı. Məlum oldu ki, insan həyatı üçün təhlükəli olan, standartlara uyğun olmayan şprislər, hətta tender vasitəsilə xəstəxanalarda istifadə olunur, apteklərdə satılır. Biz hazırda onun qarşısını almaq üçün müxtəlif dövlət orqanlarına müraciət etmişik. Qeyd edim ki, həmin o saxta şprislər porşeni qara olan şprislərdir. Əsl şpris iki hissədən ibarət olmalıdır: slender və porşen. Porşenin sonluğunda heç bir qara rezin olmamalıdır.

O ki qaldı dərmanlar məsələsinə, ölkədə mövcud olan alman aptekləri əyani şəkildə, qışqıra-qışqıra deyir ki, ay camaat, mənim satdığım dərman həqiqi, o birilər saxtadır. Çünki mən baha və yaxşı dərman satıram. Çox yaxşı haldır ki, Azərbaycan hökuməti istehlakçıların bu sahədə hüquqlarını qorumaq və əlçatanlığı təmin etmək üçün dərmanların qiymətini sabitləşdirmək üçün iş apardı. Nəticədə, 3 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənir. Lakin digər tənzimlənməyən dərmanlar müxtəlif apteklərdə müxtəlif qiymətlərə satıla bilər. Bu barədə AİB-ə hər gün istehlakçı şikayətləri daxil olur. Təəssüflər olsun ki, dərmanların keyfiyyətsizliyi barədə problem yaşanır. 15 il əvvəl Azərvaycanda Ümumdünya Gömrük Təşkilatının konqresi keçirildi, dünyanın 53 ölkəsindən insanlar gəlmişdi. Mən də yeganə vətəndaş cəmiyyəti nümayəndəsi kimi orda idim. Məlum oldu ki, yer üzərində 30%-ə qədər saxta dərman dövriyyəsi var. İnternet üzərindən alınan dərmanların 70%-i saxtadır. Təsadüfi deyil ki, AİB-ə tibbi xidmətlə bağlı daxil olan şikayətlərin böyük hissəsini danışıq yolu ilə həll edirik. Bu saat masanın üstündə tibbi xidmətdən əzab çəkmiş, çox miqdarda pulunu xərcləmiş, xüsusən televiziyada reklam olunan həkimlərin toruna düşmüş adamların şikayəti var. Təəssüf ki, tibbi xidmətdə böyük problemlər yaşanır.

Ona görə də, tibbi xidmətdən söhbət gedəndə həmişə demişəm, mən qərar verən şəxs olsaydım, birinci sərəncam belə olardı, dövlət məmuruna xaricdə müalicə olunmağa icazə verilmir (gülür).

Yeri gəlmişkən, onu da deyim ki, Azad İstehlakçılar Birliyində olan məlumata görə, Azərbaycandakı bütün tibb xidmətlərində 20 minə qədər müxtəlif cihazlar var. O cihazların düz, ya səhv işlədiyini bilmək üçün ildə bir dəfə etolonla tutuşdurulmalıdır. Lakin Azərbaycanda cəmi 3-4 etolon var. Bu cihazların necə işlədiyindən heç kəsin xəbəri yoxdur.

Tibbi xidmətlə bağlı AİB-ə gəlmiş bir unikal şikayəti də demək istəyirəm: Hadisə keçən il baş verib. İctimai fəal bir şəxs zəng etdi ki, evində kirayə qalan çox kasıb bir adamın uşağı olmalıdır, təcili yardım çağırıblar və təcili yardım onu Respublika Xəstəxanasına aparıb. Orda soruşublar ki, pulun var? Deyiblər yox. Xəstəxana da deyib ki, qaytarın geri. Təcili yardım qadını qaytarıb evə qoyub. Səhiyyə Nazirliyində işıqlı adamlar var. Mən səhiyyə nazirinin keçmiş müavini, çox işıqlı şəxsiyyət olan Viktor Qasımova zəng vurdum və tez ayrı bir təcili yardım göndərildi, sağlam bir uşaq dünyaya gəldi. Belə anormal hallar var.

Həmçinin, diş həkimlərindən də çoxlu şikayətlər gəlir. Məlum olur ki, təxminən, 30% diş texnikləri müalicə ilə məşğul olur.

Belə hallara görə həmişə demişəm ki, mən Əzraildən çox həkimdən qorxuram (gülür).

Azad olunmuş torpaqlarda yaxşı kənd təsərrufatı işləri gedəcək

- Aktual problemlərdən biri də günü gündən bahalaşan ərzaqlardır..

- Azərbaycanda qiymət qalxa-qalxa gedir. Bilməliyik ki, Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enməz. Sanki hesab edirik ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olmuş qlobal bazarın bir hissəsidir, lakin biz görməmişik ki, xarici ölkələrdə məhsulun qiyməti düşəndə Azərbaycanda qiymət düşsün. Lakin xarici bazarda qiymət qalxmamışdan bir gün öncə Azərbaycan bazarı reaksiya verir. Cənab prezidentin iqtisadi yığıncaqlarda dediyi ölkədə kartel sövdələşmələri, inhisarçılıq var fikirləri tamamilə öz yerini tapır. Doğrudan da, belədir. Ölkə bazarı kiçik bazar olduğu üçün burda kartel sövdələşməsi hökm sürür. Təsadüfi deyil ki, ölkədə 10 ildən artıqdır, Antiinhisar Məcəlləsi qəbul olunmur, kimlərinsə nəyə görəə xətrinə dəyə bilər. O cümlədən, dərman və digər sahə bizneslərinə nəzər salsaq, görərik ki, bizneslə fəal məşğul olan insanlar hamısı Milli Məclisdə təmsil olunurlar. Əlbəttə, onlar yerli istehsala heç də rəvac verməzlər. Misal üçün, yerli dərman istehsalı zavodu var, heç biri dərman istehsal etmir. Çünki Milli Məclisdə oturan adamların özlərinin dərman biznesləri var, xaricdən gətirir. Yenə də maraqlar konfilikti göz önündədir. Qiymət qalxa-qalxa gedəcək və enməyəcək. Dünya bazarı da bir bəhanədir, lakin biz gözləyirik ki, azad olunmuş torpaqlarda Azərbaycan hökuməti effektli iş aparacaq, yerli istehsal güclənəcək.

Azərbaycan istehlakçılarının bir səhvi də var ki, onlar elə hesab edirlər ki, xarici mallar üstündür. Bu, kökündən səhv bir fikirdir. Təsadüfi deyil ki, ət və ət məhsulları bazarının 70%-i xarici məhsullardır. İstehlakçılar onların yaxşı etiketinə, kimyalaşmış tərkibinə aludə olub onlara üstünlük verirlər. Yerli məhsullar ekoloji təmiz və üstündür. Düşünürəm ki, azad olunmuş torpaqlarda yaxşı kənd təsərrufatı işləri gedəcək, istehlakçılar üzünü yerli istehsala doğru çevirəcək, qiymətin sabit saxlanmasına nail olacaq.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024