Ermənilərin Azərbaycan musiqisini oğurlaması azmış kimi, digər millətlər də zaman-zaman bəstələrimizə əl uzadırlar.
Bakıvaxtı.az-ın məlumatına görə, bu dəfə cənub qonşularımız musiqimizi mənimsəməyə cəhd edib. Belə ki, iranlı bəstəkar Peyman Soltani görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun bəstələdiyi “Kor ərəbin mahnısı”nı özəlləşdirib. O, mahnını “Tasnife Karun” adıyla “YouTube” kanalında da yerləşdirib.
İranda yaşaqan soydaşlarımız Bakıvaxtı.az-a bildiriblər ki, buna etiraz edənləri P.Soltani aşağılayır, onları sosial şəbəkələrdə bloklayır.
Qeyd edək ki, bu, “Kor ərəbin mahnısı”nın oğurlanması ilə bağlı ilk fakt deyil. Belə ki, bir neçə il əvvəl musiqi Belçika musiqiçiləri tərəfindən də mənimsənilmişdi.
Ozaman Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa olunub və “Karin” musiqi albomuna daxil edilib, həmçinin “YouTube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin adı “Houcher” adı ilə dəyişdirilərək təhrif edilib, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulub.
Bununla yanaşı, Vardan Hovanissian və Emre Gültekin tərəfindən www.bandcamp.com saytının səhifələrində yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməyib, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjemançı kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulub.
“Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq da (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjemançı kimi təqdim edirlər) bir daha sübut edir ki, Vardan Hovanissian və Emre Gültekin “Kor ərəbin mahnısı” əsərindən Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla qeyri-qanuni istifadə ediblər.
Bu hərəkətlər milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin Vardan Hovanissian və Emre Gültekin tərəfindən pozulmasıdır. Belə ki, bu təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Belçikanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.
Görülən tədbirlər nəticəsində “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkəti bəstəkarın ailəsinə məktub göndərərək yol verilən səhvə görə üzr istəyib. Bununla belə, “YouTube” kanalında yayımladıqları mahnıda musiqinin əsl müəllifinin Fikrət Əmirov adlı Azərbaycan bəstəkarı olduğunu qeyd etdilməyib. Mahnı indi də anonim folklor nümunəsi kimi təqdim olunur.
Onu da bildirək ki, görkəmli bəstəkar Fikrət Əmirov musiqini Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələyib. 1956-cı ildə bəstələnən mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub. Sonrakı illərdə musiqini Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, Alim Qasımov, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Faiq Ağayev, Eyyub Yaqubov, Babək Niftəliyev ifa ediblər.
Bakıvaxtı.az Əqli Mülkiyyət Agentliyinə istinadla bildirir ki, musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib, o cümlədən:
- Fikrət Əmirovun 1957-ci ildə çap olunmuş “Kor ərəbin mahnısı”;
- Fikrət Əmirovun 1977-ci ildə çap olunmuş “Mahnı (fortepiano ilə oxumaq üçün)”.
“Kor ərəbin mahnısı”, eyni zamanda, 1961-ci ildə çəkilmiş “Korun mahnısı” adlı qısametrajlı bədii filmdə Məmmədəli Əliyev tərəfindən səsləndirilib.
Onu da vurğulayaq ki, “Kor ərəbin mahnısı” əsəri Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.
Murad Məmmədli