• Bakı 30° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

G7-də əsas mübarizə Ukrayna yox, yeni dünya nizamı uğrundadır

DÜNYA

17 Iyun 2026 | 10:40

G7-də əsas mübarizə Ukrayna yox, yeni dünya nizamı uğrundadır

Fransanın Evian şəhərində keçirilən G7 sammiti formal olaraq Ukrayna müharibəsi, İranla bağlı vəziyyət və qlobal iqtisadi problemlərin müzakirəsinə həsr olunub. Əslində isə tədbirin mərkəzində daha böyük bir məsələ dayanır: Qərb daxilində liderlik uğrunda rəqabət və yeni beynəlxalq nizamın necə qurulacağı.

Sammitin ilk günündən görünən odur ki, ABŞ, Avropa və digər müttəfiqlər eyni düşərgədə olsalar da, bir çox strateji məsələlərdə artıq eyni mövqedən çıxış etmirlər. 

Hazırda gündəmin ən diqqətçəkən mövzusu ABŞ Prezidenti Donald Trampın İranla bağlı elan etdiyi ilkin razılaşmadır. Vaşinqton bu razılaşmanı Yaxın Şərqdə gərginliyi azaltmaq və enerji bazarlarını sabitləşdirmək vasitəsi kimi təqdim edir. Lakin Avropa liderləri hesab edirlər ki, tələsik əldə olunmuş razılaşma İranın nüvə və raket proqramları ilə bağlı problemləri həll etmədən sadəcə vaxt qazandıra bilər. Bu səbəbdən G7 daxilində ilk ciddi fikir ayrılığı məhz İran məsələsində ortaya çıxıb.

Sammitdə ikinci əsas xətt Ukrayna müharibəsidir. Avropa dövlətləri Tramp administrasiyasını yenidən Ukraynaya daha güclü siyasi və hərbi dəstəyə qaytarmağa çalışırlar. Son aylarda Vaşinqtonun diqqətinin Yaxın Şərqə yönəlməsi Avropada narahatlıq yaradıb. Buna görə də Ukrayna Prezidenti Volodomir Zelenskinin sammitə dəvət olunması təsadüfi deyil. Avropa liderləri Ukrayna məsələsinin yenidən Qərb gündəminin mərkəzinə qayıtmasına çalışırlar və hesab edirlər ki, müharibənin nəticəsi gələcək Avropa təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək. 

Bununla yanaşı, sammitdə iqtisadi mübarizə də diqqət çəkir. ABŞ ilə Avropa arasında tariflər, texnologiya siyasəti, rəqəmsal vergilər və kritik minerallar uğrunda rəqabət davam edir. Formal olaraq müttəfiq olan ölkələr eyni zamanda bir-birilərinin iqtisadi rəqiblərinə çevriliblər. Bu, G7-ni əvvəlki illərdən fərqləndirən əsas məqamlardan biridir. Əgər əvvəl sammitlər daha çox vahid qərarların qəbul olunduğu platforma idisə, indi onlar fərqli maraqların uzlaşdırıldığı mürəkkəb danışıqlar meydanına çevrilib.

Digər maraqlı məqam Hörmüz boğazı ətrafında müzakirələrdir. İranla əldə olunan ilkin razılaşmadan sonra enerji marşrutlarının təhlükəsizliyi yenidən gündəmə gəlib. Avropa ölkələri enerji təchizatının bir mənbədən asılı olmaması üçün alternativ marşrutlar üzərində işləməyə çalışırlar. Bu isə göstərir ki, enerji təhlükəsizliyi artıq iqtisadi məsələ deyil, birbaşa geosiyasi alətə çevrilib. 

Sammitin fonunda keçirilən genişmiqyaslı etiraz aksiyaları da ayrıca siqnaldır. Qərbdə əhalinin müəyyən hissəsi qlobal elitaların qərarlarından narazıdır və G7-ni dünya iqtisadiyyatını idarə edən qapalı klub kimi görür. Bu narazılıq populist qüvvələrin güclənməsinə şərait yaradır ki, bu da gələcəkdə Qərb ölkələrinin daxili siyasətinə ciddi təsir göstərə bilər. 

Nəticə etibarilə, 2026-cı il G7 sammiti sadəcə Ukrayna və ya İran mövzularının müzakirə olunduğu toplantı deyil. Burada əsas sual budur: XXI əsrin ikinci yarısında Qərbə kim liderlik edəcək və yeni beynəlxalq sistem hansı prinsiplər üzərində qurulacaq? Evian sammiti göstərir ki, artıq mübarizə yalnız Rusiya, Çin və ya İranla deyil, eyni zamanda Qərbin öz daxilində gələcək strateji kursun müəyyənləşdirilməsi uğrundadır. Bu baxımdan G7-nin ən vacib nəticəsi qəbul ediləcək yekun bəyanatdan çox, Qərb daxilində yaranan yeni güc balansının hansı istiqamətdə formalaşacağı olacaq. 

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026