Məlum olduğu kimi, fevralın 13-15-də Münhen Təhlükəsizlik Konfransı keçirilib.
Bakıvaxtı.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda iştirak edib. Azərbaycan mətbuatında konfransla bağlı verilən məlumatlarda şəhərin adı iki formada - bəzi hallarda Münhen, bəzən Münxen - qeyd olunur.
Bəs Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə, alman dilindəki şəhər adının düzgün yazılış forması hansıdır, media hansı variantı əsas götürməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirib ki, alman dilində “ch” hərf birləşməsi yerindən asılı olaraq 2 cür oxunur: qalın saitlərdən sonra “x”, incə saitlərdən sonra “x`” kimi. Onun sözlərinə görə, sonuncu səsin Azərbaycan əlifbasında qrafik işarəsi yoxdur. X` “çiçəx`”, “küləx`” sözlərinin tələffüzündəki sonuncu səsdir. Yəni o söz “Münhen” kimi oxuna bilməz.
V.Sadıqlı qeyd edib ki, müstəqillik dövründə Azərbaycanda 4 dəfə orfoqrafiya lüğəti nəşr edilib. Amma bunlardan yalnız sonuncuda (yenidən işlənmiş 7-ci nəşr, 2021) Azərbaycanda və dünyada işlənən bəzi coğrafi adlar verilib və həmin “bəzilərin” arasında “Münxen” sözü yoxdur.
Müsahibimiz əlavə edib ki, xarici ölkələrə aid bir sıra coğrafi adların yazılışında iki və bəzən çoxvariantlılıq olması barədə bir neçə il əvvəl AMEA Nəsimi adına Dilçilik İnstitutuna müraciət edilib. İnstitutda bununla bağlı ayrıca müzakirə təşkil etməyi vəd etsələr də, bu baş verməyib:
“Hazırda Azərbaycan Respublikasının Prezidentinin saytını (president.az) mötəbər mənbə kimi götürüb, “Münxen” yaza bilərsiniz. Təəssüf ki, ayrıca “Coğrafi adlar lüğəti” hazırlanmayıb, buna görə Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) belə məlum Təhlükəsizlik Konfransı ilə bağlı xəbərlərdə gah “Münhen”, gah da “Münxen” variantından istifadə edib”.
Zeynəb Rzayeva
Bakı 




