Novruz bayramının yaxınlaşması ilə birlikdə xalqımızın qədim adət-ənənələri də yenidən yada düşür. Bu bayramın əsas mərhələlərindən biri olan ilaxır çərşənbələr xüsusi mənəvi və fəlsəfi məna daşıyır.
Hər çərşənbə xalqın təbiətə, həyata və yenilənməyə münasibətini ifadə edir. Bu çərşənbələr sırasında zamanla unudulmağa üz tutan mərasimlər də var ki, onlardan biri də yalancı çərşənbədir.
Folklorşünas Şakir Albalıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Novruz bayramını ilaxır çərşənbələr müşayiət edir və bu çərşənbələr Novruzun ayrılmaz tərkib hissəsidir. Onun sözlərinə görə, Novruz bayramını ilaxır çərşənbələrdən ayrı təsəvvür etmək olmaz:
“Əgər Novruz xalqın həyata və dünyaya baxışını ifadə edirsə, ilaxır çərşənbələrin mahiyyətində də dünya, yaradılış və yeni həyat haqqında fəlsəfi təsəvvürlər kompleks şəkildə özünü göstərir”.
Çərşənbələr iki qrupa bölünür. Əvvəlki tədqiqatçılar da bunu qeyd ediblər: yalancı çərşənbələr və doğruçu çərşənbələr. Bu bölgü həyatın gerçəkliyi ilə səsləşən bir təsnifat və adlandırmadır. Necə ki, yalanın qarşısında doğruluq, işığın qarşısında qaranlıq, gecənin qarşısında gündüz varsa, eyni şəkildə yalancı çərşənbələrin mövcudluğu da təbii qəbul edilir.
Müsahibimiz qeyd edib ki, son vaxtlar unudulan adət-ənənələrdən danışarkən, yalancı çərşənbənin adı çəkilir:
“Çünki yalancı çərşənbə əsasən Qarabağ bölgəsində qorunub saxlanıb. Eyni zamanda Qərbi Azərbaycan dediyimiz ərazilərdə, indiki Ermənistan ərazisində yaşamış soydaşlarımız tərəfindən də icra edilirdi. Lakin qaçqınlıq və məcburi köçkünlük dövründən sonra insanlar öz yurd-yuvalarından didərgin düşdülər, bu bayramları əvvəlki kimi keçirmək mümkün olmadı. Nə şərait vardı, nə də uyğun məkan. Buna görə də yalancı çərşənbə tədricən unudulmağa başladı”.

Şakir Albalıyev: Yalancı çərşənbə ümidin və inamın simvolu kimi yaşadılırdı
Şakir Albalıyev əlavə edib ki, 1993-cü ilə qədər ümumilikdə Qarabağ bölgəsində yalancı çərşənbə qeyd olunurdu:
“Bu, doğruçu çərşənbələrdən əvvəl keçirilən bir mərasim idi. Adından da göründüyü kimi, daha sakit və təvazökar ovqatda keçirilirdi. Böyük, təmtəraqlı tonqallar qalanmırdı. Hər kəs öz həyətində küləşdən və ya xırda odunlardan kiçik, simvolik bir ocaq yandırırdı. Qonum-qonşu bir yerə toplaşar, hal-əhval tutar, səmimi söhbətlər edərdi. Bu tonqal uzun çəkməzdi, daha çox rəmzi xarakter daşıyardı”.
Folklorşünasın dediyinə görə, yalançı çərşənbənin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, o, doğrucu ilaxır çərşənbələr üçün bir mesaj, bir işarə sayılırdı:
“Sanki əsas çərşənbələrin başlanğıcına zəmin hazırlanırdı. İnsanlar qışın bitəcəyinə, yazın gələcəyinə, ümid və arzularının gerçəkləşəcəyinə inanaraq bu günü qarşılayırdılar. Bu mənada yalancı çərşənbə ümidin və inamın simvolu kimi yaşadılırdı”.
Aynur Babazadə
Bakı 




