Heyvan dişləməsi və ya cırmaqlanması zamanı ilk tibbi yardımın düzgün göstərilməsi həyati əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, belə hallarda təşvişə düşmək olmaz və ilk növbədə zədələnmiş nahiyə axar suyun altında yuyulmalıdır.
“Heyvanın dişləməsi və ya digər xəsarəti baş verdikdə ilk növbədə zədələnmiş nahiyə təxminən 15 dəqiqə axar suyun altında yuyulmalıdır. Daha sonra həmin sahə paltar sabunu ilə təmizlənməli, ardınca isə hidrogen peroksid, spirt və ya digər antiseptik məhlullarla dezinfeksiya edilməlidir”, – deyə Aytəkin Qurbanova bildirib.
Mütəxəssis vurğulayıb ki, ilkin yardım göstərildikdən sonra vaxt itirmədən ən yaxın tibb müəssisəsinə müraciət olunmalı və cərrah müayinəsindən keçilməlidir.
Zeynəb Rzayeva
Bakı 



