• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Hindistan-Pakistan münaqişəsi: Tərəflər nüvə müharibəsi səviyyəsinə çatmamağa çalışırlar

DÜNYA

13 May 2025 | 12:13

Hindistan-Pakistan münaqişəsi: Tərəflər nüvə müharibəsi səviyyəsinə çatmamağa çalışırlar

Hindistan və Pakistan arasında baş tutacaq yeganə danışıqlar hərbi komandirlər arasında olacaq və birbaşa siyasi danışıqlar olmayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti bildirib. Qeyd olunub ki, Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və onların pakistanlı həmkarları arasında heç bir əlaqə yoxdur.

Rəsmi Yeni Dehli hesab edir ki, Kəşmir məsələsində Pakistanın qanunsuz olaraq işğal etdiyi ərazilərin Hindistana qaytarılmasından başqa İslamabadla müzakirə ediləcək heç nə yoxdur və bu mövzuda müzakirələr birbaşa aparılmalıdır.

Hindistan-Pakistan gərginliyi hansı səviyyəyə qədər davam edə bilər? Münaqişənin siyasi danışıqlar olmadan həlli mümkündürmü?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Hindistan və Pakistanda davam edən münaqişənin ən böyük problemi tərəflər arasında siyasi dialoqun olmamasıdır:

"Münaqişəyə səbəb amillərdən biri də hər iki ölkədə hakimiyyətdə olan partiyaların bir-birinə zidd olmasıdır. Məhz bu dövrdə Hindistanda milliyətçilərin lideri Narendra Modinin və Pakistanda islamçıların siyasi lideri olan Nəvaz və Şahbaz Şərif qardaşlarının hakimiyyətə gəlməsi münaqişəni daha da kəskinləşdirib. Digər tərəfdən, Hindistan və Pakistan nüvə dövlətləridir və bu münaqişənin daha da kəskinləşməsinə təkan verir".

Politoloqun fikrincə, hazırda Pakistan və Hindistanın siyasi rəhbərlikləri arasında münasibətlər sıfır səviyyədədir. Hətta XİN səviyyəsində də hansısa görüşlər keçirilmir.

Zeynal Əmrəliyev: Ümumilikdə münaqişənin tam həllindən isə söhbət gedə bilməz

"Mövcud vəziyyətdə yalnız hərbçilər arasında bir dialoq var. Halbuki ABŞ prezidenti Donald Tramp açıqlama verib ki, Hindistan və Pakistan arasında vasitəçilik edə bilər. Yəni, hazırda iki ölkə arasında vasitəçilik edən dövlət də yoxdur. ABŞ-Pakistan münasibətlərinin normal səviyyədə olduğunu nəzərə alsaq, Tramp öz dəstəyini təklif edib. Çünki 1947-ci ildə Pakistan öz müstəqilliyini əldə etdikdən sonra ən böyük dəstəkçisi ABŞ olub və nüvə silahı əldə etməsinə kömək edib. Həmin dövrdə Hindistanı isə SSRİ dəstəkləyirdi. Lakin son zamanlar ABŞ-Hindistan münasibətləri də normallaşıb. Bu istiləşmə xüsusən də Çin məsələsinə görə baş verib. Bu və digər amillər fonunda ABŞ-nin vasitəçiliyi mümkündür", - deyə müsahibimiz qeyd edib.

Zeynal Əmrəliyev hesab edir ki, ümumilikdə münaqişənin tam həllindən isə söhbət gedə bilməz. Sadəcə olaraq, hazırda tərəflər nüvə müharibəsi səviyyəsinə çatmamağa çalışırlar. Çünki nüvə müharibəsi beynəlxalq münasibətlər sistemində ciddi toqquşmalara səbəb ola bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR