İspaniya və Portuqaliya daxil olmaqla bir sıra Avropa ölkələrində milyonlarla insanı əhatə edən və həyatın iflic olmasına səbəb olan genişmiqyaslı elektrik kəsintiləri baş verib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, İspaniyanın paytaxtı Madriddə və Barselonada hava limanları, metro xətləri və rabitə sistemləri dayanıb, xəstəxanalarda yalnız təcili xidmətlər göstərilib.
Elektrik şəbəkəsi operatoru Red Electrica Espanola (REE) və Portuqaliya tərəfi, kəsintilərin Avropa güc şəbəkəsindəki nasazlıqdan qaynaqlandığını bildirib. Fransadakı meşə yanğınının yüksək gərginlik xətlərinə zərər verməsi də səbəblərdən biri kimi göstərilir.
İspaniya Baş naziri Pedro Sançes enerji sisteminin 5 saniyə ərzində 60%-nin itirildiyini, bunun ölkə tarixində ilk olduğunu açıqlayıb. Portuqaliyada da vəziyyət kritik olub, metro və hava limanları bağlanıb, hökumətin rəsmi saytına giriş mümkün olmayıb.
Siber hücum ehtimalı istisna olunmasa da, hazırda araşdırmalar davam edir. Elektrik təchizatı bəzi bölgələrdə bərpa olunmağa başlayıb, lakin prosesin tam bitməsi üçün vaxt tələb olunur. Avropa Birliyi və NATO məsələni yaxından izləyir.
Nuriyyə Musayeva