“İsrail və Fələstin arasında baş verənlər demək olar ki, artıq müharibədir. Bu, çox təəssüflər olsun ki, bir daha onu göstərir ki, dünya müxtəlif regionlardakı bu kimi çağırışlara qarşı operativ və adekvat cavab verməyə qadir deyil. Bu əslində siyasi proseslərdə siyasətin əsl mahiyyətinin göstəricidir. Çünki bir çox qlobal güclər siyasətdə öz maraqlarını güdməklə məşğuldurlar və beynəlxalq hüququ, ədalət prinsiplərini kənara qoyurlar. Biz əslində 30 il ərzində Azərbaycanın timsalında bütün bunları görmüşük”.
Bunu Bakivaxti.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, bu gün Yaxın Şərqdə baş verənlər hər iki tərəfdən günahsız insanların, uşaqların, azyaşlı körpələrin qətlə yetirilməsi, həlak olması ilə sonuçlanır: “Bütün bu hallara adekvat cavab verməkdənsə bir çox tərəflər vəziyyəti qızışdırmaqla, vəziyyəti gərginləşdirməklə məşğuldurlar. Bu kimi hadisələr, İsraillə Fələstin arasında yaşananlar göstərdi ki, münaqişələri uzun müddət dondurmaq olmaz, onlara qarşı adekvat tədbirlər görmək lazımdır. Bu gün Yaxın Şərqdə vəziyyətin gərginləşməsində əslində bir çox dairələr maraqlı idi ki, bu dairələrin hansılar olması ilə bağlı bir çox suallar var: Məsələn, Trampın hakimiyyətdən getməsi və Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Yaxın Şərqlə bağlı yeni siyasəti.
Trampdan fərqli olaraq Baydenin Fələstin hakimiyyəti ilə tamamilə başqa istiqamətdə siyasət aparması, təmas qrupu ilə Mahmud Abbas arasında Fələstində liderlik uğrunda mübarizəsi, eyni zamanda tərəflərin qırmızı cizgiləri çox yaxşı bilməsidir. Qırmızı cizgilər keçilərsə, İsrail və Fələstin arasında müharibə baş verə bilər. Bunu həm İsraildə, həm də Fələstində bilirdilər. Lakin qırmızı cizgini keçdilər. Bütün bunlar göstərir ki, o qədər də uzağa getmək lazım deyil, səbəbkarları elə Yaxın Şərqdə tapmaq lazımdır.
Biz bu gün Fələstinin daxilində də seçkilərin təxirə salınması, Mahmud Abbasla HƏMAS qrupu arasında seçkilər uğrunda ciddi mübarizənin getdiyini və HƏMAS-ın son zamanlar kifayət qədər səs faizinin çoxaldığını görə bilərik. Bu artıq ondan xəbər verir ki, Fələstinin daxilində də münaqişənin yaranmasında, münaqişənin daha doğrusu radikal formaya keçməsində kimlərsə, bir qrup şəxs maraqlı idi. Biz eyni zamanda regiondakı geosiyasi proseslərə və bəzi ölkələrin İsrailə qarşı mübarizəsini də göstərir”.
Ramid İbrahimov
Bakivaxti.az