• Bakı 23° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Kreml kimə mesaj göndərir?: “Daxili düşmən” paradiqması

SİYASƏT

01 Iyul 2025 | 13:13

Kreml kimə mesaj göndərir?: “Daxili düşmən” paradiqması

Son dövrlər Rusiyada müşahidə olunan miqrant əleyhinə zorakılıqlar, xüsusilə də azərbaycanlılara qarşı yönəlmiş təzyiqlər və şovinist ritorika, təkcə lokal cinayət hadisələri deyil, daha geniş miqyaslı və çoxsəviyyəli siyasi strategiyanın nəticəsidir.

Bu hadisələr Rusiyanın daxili və xarici siyasətində paralel şəkildə yürüdülən ideoloji xəttin – imperiya zehniyyətinin, rus mərkəzçiliyinin və sosial manipulyasiya aləti kimi "daxili düşmən" obrazının bariz təzahürüdür.

Rusiya hakimiyyəti bir tərəfdən Ermənistanda kilsə-hökumət qarşıdurmasında təsir imkanlarını genişləndirməyə, digər tərəfdən isə Ukrayna müharibəsi və iqtisadi durğunluq fonunda yaranan sosial gərginliyi fərqli etnoslar üzərinə yönəltməyə çalışır. Bu baxımdan azərbaycanlılara və digər türkdilli müsəlman xalqlara qarşı artan zorakılıq halları Moskvanın həm regiondakı nüfuzunu qorumaq, həm də daxili siyasi konsolidasiyanı təmin etmək məqsədinə xidmət edir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki,  son dövrlər Rusiyada qeyri-rus xalqlara, xüsusilə də azərbaycanlı miqrantlara qarşı artan təzyiqlər, zorakılıq və şovinist ritorika təkcə sosial xaosun nəticəsi deyil, məqsədyönlü siyasi strategiyanın tərkib hissəsidir. Bu proses həm daxili, həm də regional məqsədlərə xidmət edir:

"İlk olaraq, Ermənistanda Paşinyan hökuməti ilə Apostol Kilsəsi arasında yaranan gərginlik fonunda Moskva kilsəni dəstəkləyərək onu “yumşaq güc” aləti kimi istifadə edir. Ermənistanın radikal-ultramillətçi kəsimi kilsə ətrafında toplaşdığı üçün Rusiya bu qüvvələrə mesaj ötürür: “Biz sizin ortaq düşməniniz olan türk-müsəlmanlara qarşı yanınızdayıq.” Eyni zamanda, daxili auditoriyaya “sərt əl” görüntüsü yaradaraq rus şovinist elektoratını sakitləşdirmək məqsədi güdür".

Elçin Mirzəbəyli, Milli Məclisin deputatı

Onun sözlərinə görə, Rusiyada iqtisadi çətinliklər və Ukrayna müharibəsinin yaratdığı sosial gərginlik fonunda miqrantlara qarşı ritorika, əslində, günah keçisi siyasətinin bir formasıdır. Hakimiyyət yoxsul ruslar və miqrantlar arasında rəqabəti qəsdən qızışdıraraq sosial-iqtisadi problemləri etnik fonda “izah etməyə” çalışır. Bu, Rusiya dövlətçiliyinin kökündə dayanan “rusların aparıcı rolu” ideologiyasının davamıdır:

"Tarixi stereotiplərə və islamofobiyaya əsaslanan bu siyasət həm də Solovyov kimi təbliğatçılar vasitəsilə “daxili düşmən və xarici təhlükə” ritorikası ilə gücləndirilir. Hazırda azərbaycanlılara, özbəklərə, qırğızlara və digər türk-müsəlman xalqlara qarşı aparılan zorakılıq dövlət tərəfindən təşviq olunan ideoloji yönlü diskriminasiyadır. “Etnocinayətkarlıq” anlayışının gündəmə gətirilməsi isə bu siyasətin hüquqi əsasını formalaşdırmaq məqsədi daşıyır".

Müsahibimiz onu da qeyd edib ki, əgər Rusiya Ukrayna kimi slavyan bir xalqa qarşı belə qəddarlıq sərgiləyirsə, qeyri-slavyan xalqlara qarşı daha sərt davranması təəccüblü deyil. 1990-cı illərdə skinhed qruplarının yerinə indi bu vəzifəni birbaşa hüquq-mühafizə orqanları yerinə yetirir. Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlər bu nifrətin rəsmi səviyyəyə çatdığını göstərir:

"Azərbaycanın regiondakı güclənən mövqeyi və müstəqil siyasəti Moskvanı narahat edir. Bu səbəbdən Azərbaycana qarşı ritorika sərtləşir. Lakin bu təzyiqlər real nəticə vermir. Əksinə, cəmiyyətimizdə milli həmrəylik və dövlətin prinsipial diplomatik mövqeyi ətrafında daha böyük birləşmə yaradır".

Əli Hüseynov


SON XƏBƏRLƏR