• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Kino musiqisi kimi həzin bir ömür…

CƏMİYYƏT

26 Fevral 2022 | 16:14

Kino musiqisi kimi həzin bir ömür…

Bu narahat dünyamızda eşitdiyimiz hər xəbər bizi həyəcanlandırır. Dünən uzaq Almaniyadan alınan bir mesaj Svetlana İsmayılovanı yaxından tanıyan hər kəsi ürəkdən kədərləndirdi. Daha bir Vətən sevdalısı, ürəyində Azərbaycana sevgi yaşadan, işıqlı insan qürbət eldə dünyaya əlvida dedi. 

Svetlana Babarəhim qızı İsmayılova 1939-cu ildə Bakıda dünyaya göz açmışdı. Gənclik, tələbəlik illərindən istedadı, qələmi ilə fərqlənməyi bacarmışdı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən onun imzası artıq nüfuzlu mətbuat səhifələrində tez-tez görünürdü. Svetlana İsmayılovanın jurnalistlik fəaliyyətini yaxından izləyənlər yaxşı bilir ki, bu istedadlı qələm sahibi əsasən kino sahəsindən yazırdı, kino musiqisi onun yaradıcılığının əsasını təşkil edirdi. Görünür həyatda təsadüf heç nə olmur, Svetlana xanım özü də kino musiqisi kimi həzin bir ömür yaşadı...

Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda dissertant oldu, o dövrün ən oxunaqlı qəzetlərindən sayılan “Azərbaycan gəncləri” qəzetində ədəbi işçidən şöbə müdiri vəzifəsinə qədər yüksəldi, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında İncəsənət şöbəsinin elmi redaktoru kimi çalışdı. Oxucularına “İncəsənət əbədi və ölməzdir”, “Vaxt var idi...”, “Çinarım mənim” adlı maraqlı kitablar bəxş etdi. Svetlana xanımın ssenarisi əsasında animasiya filmləri, “Mozalan” satirik-kinojurnalı üçün süjetlər lentə alındı. Tamaşaçılar rus dilində çəkilən 70-ə yaxın bədii filmi məhz onun tərcüməsi ilə doğma dilimizdə izləyə bildilər. Svetlana İsmayılova Kür çayından bəhs edən “Ana Kürüm” sənədli filminin ssenarisinə görə “Akademik Həsən Əliyev” mükafatına layiq görülmüşdü, Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” mükafatı laureatı idi. Görkəmli yazıçı və alim Əzizə Cəfərzadənin həyatından bəhs edən “Ağ saçların işığı”, tarixçi akademik Püstəxanım Əzizbəyova barədə çəkilən “Dünyanı gözəllik xilas edəcək” sənədli filmləri bu gün də maraqla izlənilir. İstedadlı jurnalist və ssenarist Svetlana İsmayılova uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aparıcı redaktor kimi çalışdı, Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul oldu.

Həyat elə gətirdi ki, Svetlana xanım 2004-cü ildən Almaniyanın Düsseldorf şəhərinə köçdü. Qızları Samirə və Elnarə Köln və Essen şəhərlərində həm pedaqoq, həm də istedadlı musiqiçilər kimi yaxşı tanındılar. Vətəndən uzaqda olsa da Svetlana xanımın ürəyi hər zaman doğma Azərbaycanla, boya-başa çatdığı Bakı ilə döyünürdü. Dostları ilə tez-tez əlaqə saxlayır, fikirlərini bölüşürdü. Svetlana xanımın Vətəndə daim əlaqə saxladığı dostlardan biri də Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev idi. Əliqismət müəllim qürbət eldə həyatını dəyişən istedadlı jurnalisti belə xatırlayır: “Svetlana xanım bütün davranışı, hərəkətləri, həyat tərzi ilə kübar, əsl Azərbaycan xanımı idi. İncəsənət sahəsində çoxlu dostları var idi, Xalq artisti Həmidə xanım Ömərova, Xalq artisti, mərhum diktor Rafiq Hüseynovla, Əməkdar incəsənət xadimləri, kinorejissorlar Cəmil Quliyevlə, Cəmil Fərəcovla, Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidovla dostluq edirdi. Vətəndən uzaqda yaşasa da Azərbaycanı, yaxın dostlarını heç vaxt unutmurdu. Hər çətin anımızda zəng vururdu, dualar edirdi. Son vaxtlar tez-tez deyirdi ki, Azərbaycan üçün darıxıram, hökmən gələcəm Bakıya. Amma heyf ki, Vətənə özü yox, ölüm xəbəri gəldi əziz Svetlana xanımın...”

Kino musiqisi kimi həzin bir ömür yaşayan, Azərbaycan sevdalısı Svetlana xanım İsmayılova qürbət eldə həyatla vidalaşdı.

Allah rəhmət eləsin!

Etibar Cəbrayıloğlu


SON XƏBƏRLƏR

25 Aprel 2024