Məlumdur ki, iyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. Bu ayın başlaması isə toy mərasimlərinə fasilə verilməsinə səbəb olur. Nəticədə qızıl bazarında qızıla olan tələbat azalır.
Maraqlıdır ki, Məhərrəm ayında qızılın ucuzlaşması gözlənilirmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, qızılın qiyməti tələbatla tənzimlənmir. Qızıl məmulatlarına tələb az olsa da, qiyməti təkcə bazarla tənzimlənmir. Onun sözlərinə görə, qızılın qiymətinə makroiqtisadi hadisələr və beynəlxalq aləmdə baş verən proseslər təsir edir:
“Bundan başqa, ABŞ dollarının məzənnəsi və idxal xərcləri də qızılın qiymətini müəyyən edir. Məhərrəm ayı fonunda ölkəmizdə qızılın qiyməti heç vaxt ucuzlaşa bilməz. Məhərrəm ayındakı vəziyyət qızılın qiymətini tənzimləyən faktor deyil".

Vüqar Oruc: Azərbaycanda Məhərrəm ayına və tələbat azlığına görə qızıl ucuzlaşmayacaq
İqtisadçı bildirib ki, sözügedən dövrdə qızıla tələbatın azalması gözlənilən olsa da, qızılın qiymətinin düşməsi gözlənilmir.
"Qızıl alverçiləri daha çox beynəlxalq arenada baş verən hadisələrə diqqət edirlər. Əgər xaricdə qızılın qiyməti artırsa, Azərbaycanda Məhərrəm ayına və tələbat azlığına görə qızılın ucuzlaşması baş verməyəcək. Bu, bütün dünya ölkələrində eynidir. Mövcud alqı-satqı işləri birja prinsipləri əsasında formalaşır".
V.Oruc onu da vurğulayıb ki, hər hansısa qızıl satıcısı ucuz qızıl əldə edibsə, bu halda qızılı bazar qiymətindən aşağı qiymətə sata bilər. Lakin bu hal genişmiqyaslı ucuzlaşma faktoru deyil.
Gülşən Şərif
Bakı 



