• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Müəllim işləyəndə heç vaxt jurnal yoxlamamışam” - Musa Qasımlı

MÜSAHİBƏ

11 May 2022 | 16:02

“Müəllim işləyəndə heç vaxt jurnal yoxlamamışam” - Musa Qasımlı

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı Bakıvaxtı.az-a müsahibə verib.

 - Parlamentin ötən plenar iclaslarından birində həmkarınız Etibar Əliyev ölkədə savadsızlığın tüğyan etdiyini vurğuladı. Sizcə, həmkarınız bu mövzuda haqlıdır, yoxsa?

- Deputat öz fikirlərində, düşüncələrində azaddır. Yəni, deputat məsələni necə görürsə, qiymətləndirirsə, fikirlərini açıq söyləyə bilir. Azərbaycan azad ölkə, demokratik dövlətdir. Hər vətəndaş düşüncələrini açıq şəkildə ifadə edə bilir. Ona görə də hər hansı həmkarımın fikirlərinə mənim münasibət bildirməyim doğru olmaz.

Amma təbii ki, bu mövzuda mənim də baxışlarım var. Ölkəmizdə təhsilin inkişafına dair bəlli dövlət siyasətimiz var. Həmin dövlət siyasəti ardıcıl olaraq həyata keçirilir. Universitetlərimizin maddi-texniki bazası təmkilləşdirilir, dərsliklərimiz yaradılır, ən ucqar dağ kəndlərində müasir avadanlıqlarla təchiz olunmuş məktəb binaları tikilir.

Təhsilimizin digər pillələrinə, peşə məktəblərinə xüsusi diqqət yetirilir. Yeni peşə məktəbləri tikilir, orda təhsil alanların hamısına təqaüd veriləcək. Təhsil xərcləri ildən-ilə artır. Məsələnin başqa bir tərəfi də var. Biz otuz ildən bir az çoxdur ki, müstəqilik. Dünyanın bir sıra ölkələrində azərbaycanlı alimlər çalışırlar. Bu alimlər harda yetişib? Onlar bizim orta məktəbləri, bizim universitetlərimizi bitiriblər. Bu gün ABŞ-da NASA-da işləyən azərbaycanlılar var. ABŞ-da vəkil olan həmyerlilərimiz var. Bu insanlar Azərbaycan təhsil sisteminin yetirmələridir. Hesab edirəm ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların çoxunu təhsil problemlərin narahat edir. Bunun da bəlli səbəbləri var. Çünki təhsil elə bir sahədir ki, hər bir ailə məktəblə bağlıdır. Azərbaycanda elə bir ailə tapa bilməzsiniz ki, o, məktəblə bağlı olmasın. Təbiidir ki, təhsildə heç vaxt heç bir şey mükəmməl olmur. Dünyanın ən qabaqcıl ölkələrində belə ideal, mükəmməl təhsil sistemi yoxdur. Təhsil idarəçiləri həmişə özlərinə belə bir sual verirlər: “Necə edək ki, bu gün dünənkindən, sabah isə bugünkindən yaxşı olsun?” Ona görə də təhsil sahəsində söylənən səmərəli tənqidi fikirləri də normal qəbul etmək lazımdır. Təhsildə radikalizm ola bilməz. Hər şey islahatlar, təkamül yolu ilə getməlidir. Mən ölkəmizin təhsilinin çox gözəl gələcəyinin olduğunu düşünürəm.

- Bəs sizin təhsil sistemində narazı olduğunuz nüanslar hansılardır?

- Bu, çox mürəkkəb bir sualdır. Mən həm orta məktəbdə, həm də universitetdə işləmişəm. Orta məktəb və universitet yanaşmalarında fərqlər var. Bu, bir müsahibənin mövzusu deyil. Ümumiyyətlə, istər universitet, istərsə də orta məktəb müəllimi auditoriyaya, sinifə öz ürəyini verməlidir. Müəllim 45 dəqiqəyə hər şeyi öyrədə bilməz, lakin şagirdə, tələbəyə öyrənməyin yollarını öyrətməlidir. Məsələn, yetmiş beş nəfərlik auditoriya bir müəllimin dediyi kimi düşünəcəksə, o zaman inkişaf çox zəif ola bilər.

Bir də müəllim problemi ortaya qoyur və o problemin həlli yolları barədə düşünməyə dəvət edir. İnkişaf bundadır.

Mən öz təcrübəmdən misal gətirə bilərəm. Universitet auditoriyasında hansısa qrupa ilk dəfə dərsə girəndə tələbələrin qarşısına 3 şərt qoyuram. Birinci şərtim belə idi ki, nə sualınız varsa, verin. Bildiyimi izah edəcəm, zəif bildiyimi zəif izah edəcəm, bilmədiyimi öyrənib gəlib izah edəcəm. Kimsə deyirsə ki, mən hər şeyi bilirəm, deməli yalan danışır. Heç kim hər şeyi bilə bilməz. Ona görə də müəllim öyrənməyin yollarını öyrətməlidir.

İkinci şərtim belə idi ki, mənə etiraz edin, hər dediyimlə razılaşmayın. Bu, uşaqlarda tənqidi təhlili, analitik təfəkkürü gücləndirir. Etiraz edəndə uşaqlar özlərini şəxsiyyət kimi hiss edir. Həmişə onlara deyirdim ki, auditoriyada elmi dərəcənin, professor və ya tələbə olmağın heç bir fərqi yoxdur, çünki bir neçə il sonra siz burda mühazirə oxuya bilərsiniz, mən sizin dinləyiciniz ola bilərəm. Yəni fərqli düşünmək lazımdır. İnkişaf fərqliliklərdə var. Heç vaxt jurnal yoxlamamışam, tələbələrin adlarını bilmirdim, sadəcə oturduqları yerlərdən tanıyırdım.

Məndən sonra heç kim auditoriyaya daxil olmurdu.Tələbələrə qoydğum üçüncü şərtim də bu idi. Həmçinin mən auditoriyaya daxil olandan sonra heç kim icazə alıb çölə gedə bilməzdi. Yalnız qızlara icazə verirdim.

Audiyotiyada tamamilə diskussiya mühiti olurdu və tələbələr həmişə deyirdi ki, dərs nə tez bitdi. Bundan əlavə, müəllim tələbənin marağını əvvəlcədən bilməlidir. Yəni müəllim bilməlidir ki, tələbə universiteti bitirdikdən sonra kim olmaq istəyir. Qeyd etdiyim kimi, dövlətimiz təhsilə olduqca yüksək qayğı göstərir. Lakin bəli, təhsil sistemində bir sıra çatışmazlıqlar var. Təhsil yalnız, Təhsil Nazirliyinin, Milli Məclisin Elm və təhsil komitəsinin, məktəb direktorunun, müəllimin işi deyil. Valideyn də uşağını məktəbə yollayanda, onun təhsili və davranışı ilə maraqlanmalıdır. Bəzən bizdə düşünürlər ki, uşağı məktəbə göndərdim və hər şey bitdi. Xeyr, bununla iş bitmir. Biz orta məktəbdə oxuyanda bir az nadinclik edən kimi, bizi ikinci dəfə evdə cəzalandırırdılar, özü də daha sərt. Çünki məktəbdə nizam-intizamı pozmaq olmaz. Məktəb işinin daha mükəmməl olması üçün ailələr də məsuliyyət daşıyır. Bu, baxçadan tutmuş, ta təhsilin bütün pillələrinə kimi belə olmalıdır. Dövlət məktəbi tikir, avadanlıqla təchiz edir. O binaların içində ancaq yaxşı dərs keçirilməlidir. Bir də mən həmişə plenar iclaslarda da bu fikri səsləndirmişəm: Bir məktəb direktor yerindədirsə, vəzifəsini düzgün icra edə bilirsə, orda nizam-intizam olur.

- Valideynlərdən söz düşmüşkən, son illərdə imtahanından kəsilən uşaqlar arasında intiharların sayı artır. Bunu əsasən, valideynlərin övladlarına basqısı ilə əlaqələndirirlər. Sizin bu barədə ailələrə tövsiyəniz nələrdir?

- İntiharlar və məktəblərdə baş verən xoşagəlməz hadisələr dünyanın bütün ölkələrində var. Bunun ideal bir variantı yoxdur. Lakin çalışmaq lazımdır ki, məktəblərdə baş verən xoşagəlməz hadisələrin qarşısı alınsın. Bizim hamımız o mərhələləri keçmişik. Hamımız orta məktəb, ali məktəb, sessiya imtahanlarının həyəcanını yaşamışıq.

Valideynlər uşaqlarına basqı etməməlidirlər. Doğrudur, tələbkar olmaz lazımdır. Lakin belə hesab edirəm ki, valideyn öz övladında keyfiyyəti tərbiyələndirməlidir. Birincisi, uşaq mütləq zəhmətkeş, dürüst olmalıdır. Əgər uşaq məktəb illərində zəhmətkeş olmursa, böyüyəndə də çalışqan, diqqətli olmayacaq.

- Yataqxana problemi tələbələrin ən ağrılı yeridir. Bu məsələ üzvü olduğunuz komitədə müzakirə edilirmi?

- Bu, çox gözəl sualdır. Biz hamımız problemləri olduğu kimi görməliyik və həllinə düzgün yanaşmalı, nəticə almalıyıq. Hazırda bizim universitetlərdə həllini gözləyən bir problem varsa, o da tələbə yataqxanalarıdır. Bəzi universitetlərin yataqxanaları var. Lakin bütün tələbələri yataqxana ilə təmin etmək mümkün deyil. Tələbələrin əksəriyyəti rayonlardan gəlir, burda isə kirayə haqları olduqca bahadır. Bu, bir çox istedadlı gənclərin təhsildən yayınmasına səbəb olur, ailələr üçün yük olur.

İkincisi, yataqxana sistemi olarsa, xaricdən Azərbaycanda təhsil almağa gələnlərin sayı çoxalar. Beləliklə, Azərbaycan təhsil almaq üçün bir mərkəzə çevrilər.

Digər tərəfdən, bunu da düşünmək lazımdır: Universitetlərin maliyyə imkanı varmı ki, yataqxana tiksinlər? Bunlar araşdırılmalıdır. Hər bir halda yataqxanaların tikintisi işi genişləndirilir. Bu da çoxlu problemləri həll edir. Son zamanlarda bir sıra universitetlər bu işi görür.

- Bəzi təhsil ekspertlərinin fikrincə, orta məktəbdə olduğu kimi, ali məktəb müəllimləri də akkreditasiyadan keçirilməlidir. Bu barədə sizin fikirləriniz maraqlıdır...

-  Müəllimlərin yerinə seçilməsi var. Məsələn, müəllim baş müəllim və ya dosent olmaq üçün bəlli proqram hazırlayır, kafedrada səs verilir, sonra elmi şurada səsvermədən keçir. Ümumiyyətlə, mən təhsil sistemimizdə islahatların aparılmasının tərəfdarıyam. Çox savadlı müəllimlərimiz var. Auditoriyalara dərsə can yandıran müəllimlər girməlidir. Gənclər bizim gələcəyimizdir. Biz özümüzə sual verməliyik ki, sabah bizim övladlarımıza, nəvələrimizə kimlər dərs deyəcək?!

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR