"Bu gün aztəminatlı ailələrə yardım verilir. Bu yardım bir çox hallarda insanları işdən uzaqlaşdırır".
Bu fikir deputat Müşfiq Cəfərovun Bakıvaxtı.az-a müsahibəsindəndir.
Müsahibəni təqdim edirik:
Əslində deputat mediaya qapalı olmamalıdır, çünki…
- Müşfiq bəy, deputat olmaq həyatınızda nələri dəyişdi?
- Deputat olandan sonra məsuliyyət ikiqat artır. Millət vəkili olandan sonra kifayət qədər böyük kontingentin gözləntilərini doğrultmaq üçün sıx şəkildə görüşlər keçiririk. Vətəndaş qəbulundan sonra hər bir şəxsin problemini həll etməyə çalışırıq.
- Sentyabrın 1-də növbədənkənar seçkilər keçiriləcək. Bu seçkilərlə bağlı təəssüratlarınız necədir?
- Ümumi nəzər salsaq, VI çağırış uğurlu və bir o qədər də ağır olub. Bu çağırışda pandemiya dövrü hökm sürürdü. Daha sonra isə qürurverici günlər yaşadıq. 44 günlük müharibə məhz bizim dönəmimizdə baş tutdu və qalib ölkə olduq. Eyni zamanda ölkə olaraq, beynəlxalq arenada ciddi uğurlar qazandıq. İnanıram ki, VII çağırış da uğurlu olacaq və xalqın istədiyi simalar millət vəkili seçiləcək.
- Bəzi deputatlar mətbuata açıq olmadığına görə zaman-zaman tənqid olunur…
- Təbii ki, mətbuatın işi yazmaqdır. Media nümayəndələri arasında obyektiv və qərəzli yazanlar var. Əslində deputatların əksəriyyətinin fəaliyyətini yüksək qiymətləndirirəm. Deputatlar daima bir-birinin fəaliyyətini izləyirlər. Xarici diplomatiyada daha fəal olan deputatlarımız var ki, onların vaxtı əsasən xarici əlaqələrə gedir. Bu deputatlar bir ay ərzində 2-3 dəfə xarici ölkələrə səfər edirlər. Mediaya açıq olmayan deputatın kim olduğunu bilmirəm, bunu media nümayəndələri daha yaxşı bilirlər. Lakin inanmıram ki, hansısa deputat mediaya qapalı olsun. Əslində deputat mediaya qapalı olmamalıdır. Çünki media bizim gördüyümüz işləri cəmiyyətə çatdırır.
Məşğulluq, işaxtaranların müraciəti daha çoxdur
- Bəzi millət vəkilləri dövlət qurumlarının fəaliyyətindən narazılıq edirlər. Bildirirlər ki, deputat kimi problemin həlli ilə bağlı müraciət etsələr də, istənilən nəticəni əldə edə bilmirlər. Bəs siz, dövlət qurumlarının fəaliyyətindən razısınız?
- Millət vəkili olduğum dönəmdən dövlət qurumlarına kifayət qədər müraciətlərim olub. İstər yazılı, istərsə də şifahi müraciətlərimin heç biri cavabsız qalmayıb.
- Seçiciləriniz daha çox hansı problemlərə görə müraciət edirlər?
- Seçicilərin müraciətləri əsasən sosial və iqtisadi problemlərlə bağlı olur. Xüsusən də məşğulluq, işaxtaranların müraciəti daha çoxdur. Hansı ki, şəxs universitet bitirib və heç bir iş karyerası olmayıb. Bundan başqa, müraciət edənlər arasında iş təcrübəsinin olmasına baxmayaraq, işsiz qalan şəxslər də var. Biz bu şəxsləri məşğulluq orqanlarına və aidiyyatı qurumlara yönləndiririk.
- Seçiciləriniz arasında işlə bağlı müraciət edənlərin çox olduğunu bildirdiniz. Ümumiyyətlə, Gəncədə işsizlik səviyyəsi ilə bağlı vəziyyət necədir?
- Gəncədə işlə bağlı müəyyən problemlər var. Gəncə hər zaman sənaye şəhəri olub. Burada təxminən 28-ə yaxın orta və iri səviyyəli müəssisə fəaliyyət göstərib. Bu müəssisələrdə təxminən 50 minə yaxın insan çalışırdı. Bu gün həmin müəssisələrin işləməməsi Gəncədə məşğulluqla bağlı narahatlıq yaradır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Gəncədə Sənaye Parkının yaradılması layihəsi mövcuddur. Artıq ərazi də müəyyən olunub. İnanıram ki, bu parkın yaradılmasında sahibkarlar da maraqlı olacaq. Sənaye parkının fəaliyyəti yeni iş yerlərinin açılmasına səbəb olacaq. Ümumilikdə sənaye ab-havası Gəncəyə qaytarılmalıdır. Çünki Gəncə şəhərində kənd təsərrüfatı torpağı yoxdur. Gəncənin dirçəlməsinin yeganə yolu ancaq sənayedir.
- Gəncədə yerləşən universitetlərdə sənaye mühəndisliyi ixtisası varmı?
- Gəncədəki universitetlərdə ixtisaslar mütləq şəkildə sənayə sahəsinə uyğunlaşdırılmalıdır. Gəncədə Azərbaycan Texnologiya Universitetinin yaradılmasının başlıca səbəbi də məhz sənaye ilə bağlı idi. Universitet sənaye müəsissələri üçün kadrlar hazırlayırdı. Eyni zamanda Aqrar Universitetinin fəaliyyətinin əsas mahiyyəti ölkənin kənd təsərrüfatı üçün kadr hazırlamaq idi. Bu gün sözügedən universitetlər sənaye sahəsinə uyğun formalaşmalıdır.
Cəmiyyət hər şeyi hüquqdan gözləməməlidir
- Müşfiq bəy, son zamanlar cinayət hadisələrinin sayında artım hiss olunur. Sizcə, bu problemin qarşısını almaq üçün Azərbaycanda ölüm hökmünün qüvvəyə minməsinə ehtiyac varmı?
- Əvvəlki illərdə Azərbaycanda ölüm hökmü olub. Lakin ölkəmizin imzaladığı beynəlxalq sənədlər və üzvü olduğu beynəlxalq təşkilatlar var. Bu sənədlər birmənalı olaraq ölüm hökmünün əleyhinədir. Azərbaycan demokratik ölkədir və özünəməxsus Konstitusiyası var. Biz Konstitusiyaya uyğun olaraq hərəkət edirik. Düşünmürəm ki, Azərbaycanda yenidən ölüm hökmünün qəbuluna ehtiyac var. Onsuz da ölkəmizdə ömürlük həbslər var. Əgər hansısa ağır cinayət hadisəsi baş verirsə, beynəlxalq hüququn tələblərinə uyğun addım atılır.
- Cinayət hadisələrinin sayını necə azaltmaq olar?
- Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları öz işlərini layiqincə həyata keçirirlər. Lakin cəmiyyət də hər şeyi hüquqdan gözləməməlidir. Cəmiyyət olaraq elə həddə çatmamalıyıq ki, xırda məişət məsələsinə görə insan insanı öldürsün. Təəssüf ki, son vaxtlar televiziya kanallarında cinayət xəbərlərinə geniş yer verilir. Hesab edirəm ki, medianın yanaşmasında da dəyişiklik olmalıdır. Çünki insanlar cinayət xəbərləri aldıqca, aqressivləşirlər və cinayət hadisəsinə çıxış yolu kimi baxırlar. Əvvəllər cinayət xəbərlərinə çox az rast gəlinirdi. Bu gün cinayət hadisələrin tirajlanması sosial şəbəkələr üzərindən də geniş şəkildə aparılır. Artıq heç nəyi gizlətmək olmur. Bütün hallarda çalışmalıyıq ki, sözügedən məlumatları təbliğat vasitəsinə çevirməyək.
Ölkəmizdə evlilik üçün rəsmi yaş həddinin 18 olması tezdir
- Uşaqpulunun bərpası, pensiya yaşının azaldılması və aztəminatlı ailələrə dəstək kimi sosial məsələlərlə bağlı dəyişiklik edilməlidirmi?
- Bu gün digər ölkələrlə müqayisədə, bizim yükümüz bir az ağırdır. Bu ağırlıq müharibədən irəli gəlir. Zamanında kifayət qədər insan qaçqın və məcburi köçkün oldu. Bu baxımdan Dövlət Sosial Müdafiə Fondu çox yüklüdür. Qeyd olunan məsələlərlə bağlı bizə sıx şəkildə müraciətlər olunur. Əslində bu məsələlərin hər biri maliyyəyə bağlanır. Dövlətin bu məsələlərin hər biri ilə bağlı strategiyası var. Hesab edirəm ki, aztəminatlı ailələrlə bağlı siyasətdə dəyişiklik edilməlidir. Məlumdur ki, bu gün aztəminatlı ailələrə yardım verilir. Bu yardım bir çox hallarda insanları işdən uzaqlaşdırır. Düşünürlər ki, dövlət hazır vəsait ödəyir və dövlət hesabına yaşayır. Halbuki bu gün insanlar cəmiyyət üçün faydalı olmalıdır. Sadə nümunə çəksəm, bu gün ailənin üzvləri çalışmasa, həmin ailə irəli gedə bilməz. O ailədə müəyyən iqtisadi və sosial problemlər yaranmağa başlayır. Düzdür, dövlət böyük ailədir. Ancaq dövlətin hər bir mexanizmi işləməlidir.
- Son illər boşanmaların sayı sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə boşanmaların sayının1,6-dan 2,0-a qədər artması deməkdir. Boşanmaların qarşısı necə alınmalıdır?
- Boşanmaların artması ciddi narahatlıq doğuran məsələdir. Bu ilin yanvar ayından etibarən gün ərzində təxminən 58 nəfər boşanır. Bu vəziyyətin qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Bu gün bəzi cütlüklər bir-birini daha yaxşı tanımadan, görücü üsulu ilə ailə qururlar. Hətta bəzi gənclərin ailə institutu haqqında məlumatı yoxdur və ailə məsuliyyətini dərk etmirlər. Təklif edərdim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gənclər üçün bir proqram hazırlasın. Cütlüklər evlənmədən öncə ailə məsuliyyətini tanısın. Çünki boşanmaların başlıca səbəblərindən biri anlamamaqdır.
Gənclər evlənəndə öhdəliyi valideynlərinin üzərinə atmamalıdır. Boşanmaların qarşısını almaq üçün qanunvericilikdə də sərt addımlar atılmalıdır. Belə ki, hər iki tərəf üçün hansısa ciddi məbləğdə maliyyə sərtliyi ola bilər. Çalışmalıyıq ki, hər cütlük xırda məsələyə görə boşanmaya gedə bilməsin.
- Demək olar ki, xarici ölkələrin hər birində insanlar gec yaşda ailə qurmağa üstünlük verirlər. Azərbaycanda evlilik yaşının artırılması boşanmaların qarşısını ala bilər?
- Xarici ölkələrdə insanlar daha çox karyera qurmağa üstünlük verirlər. Azərbaycanda isə ailə bağları daha sıxdır. Xarici ölkədə 18 yaşdan sonra hər bir gəncin artıq özünəməxsus biznesi olur. Hətta valideyndən ayrılaraq, ayrı şəkildə öz həyatını qurur. Bizdə hətta 40 yaşlı ailə qurmayan insanlar var ki, hələ də valideynlərinin yanındadır.
Evliliyə gəlincə, xaricdə vətəndaş nikahına normal hal kimi baxılır. Ölkəmizin özünəməxsus adət-ənənələri var. Ümumilikdə ölkəmizdə evlilik üçün rəsmi yaş həddinin 18 olması tezdir.
Gülşən Şərif