İngiltərədə son 24 saatda 58 min 194 yoluxma aşkar edilərək, yanvar ayından bəri ən yüksək gündəlik yoluxma sayı qeydə alınıb. Ölkə üzrə Omicron mutasiyasına tutulanların sayı 1265-ə yüksəlib.
Bakıvaxtı.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, ölkədə ümumi yoluxma sayı 10 milyon 719 min 165-ə çatarkən, son 24 saatda 120 nəfərin ölümü ilə ümumi can itkisi 146 min 255-ə yüksəlib. Yanvarın 8-də Böyük Britaniyada 67 794 yoluxma halı aşkar edilib.
Böyük Britaniyanın səhiyyə orqanları xəbərdarlıq ediblər ki, COVID-19 peyvəndinin iki dozası Omicron mutasiyasının yayılmasının qarşısını almaq üçün kifayət deyil. İngiltərədə COVID-19-un Omicron və Delta mutasiyaları ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə görə, peyvəndlərin Omicronu dayandırmaqda Deltadan daha az təsirli olduğu ortaya çıxıb. Bununla belə, gücləndirici doza kimi tanınan üçüncü peyvənd virusa qarşı təxminən 75 faiz qorunma təmin edir.
581 Omicron yoluxması və minlərlə Delta hadisəsi araşdırılaraq əldə edilən məlumatlara görə, Oxford-AstraZeneca peyvəndi və Pfizer/BioNTech peyvəndinin təsiri ilə əhəmiyyətli bir azalma olduğu deyilib.
Aytac Aslan
















