Ermənistanda 7 iyun parlament seçkiləri başa çatsa da, əsl siyasi mübarizə indi başlayır. Seçkilərin nəticələri göstərdi ki, Nikol Paşinyan təkcə hakimiyyətini qorumağı bacarmayıb, həm də ölkə daxilindəki əsas rəqiblərini ciddi şəkildə zəiflədib.
Bir çox müşahidəçilər seçkinin əsas nəticəsini yalnız mandat bölgüsündə deyil, seçkidən sonra baş verən hadisələrdə axtarmağın daha doğru olduğunu düşünürlər.
Seçkilər ərəfəsində Ermənistan müxalifəti bu dəfə Paşinyanın məğlub ediləcəyinə inanırdı. Xüsusilə Robert Köçəryanın rəhbərlik etdiyi qüvvələr və Samvel Karapetyanın maliyyə dəstəyi ilə formalaşan siyasi bloklar cəmiyyətdə ciddi dəyişiklik gözləntiləri yaratmağa çalışırdılar. Ancaq nəticələr tamamilə fərqli mənzərə ortaya qoydu. Ermənistan seçicisi yenidən Paşinyana üstünlük verdi və bununla da son illərin ən mühüm siyasi mesajlarından birini göndərdi: cəmiyyətin böyük hissəsi keçmiş hakimiyyətin geri dönüşünü istəmir.
Məhz bundan sonra Paşinyan komandasının davranışları diqqət çəkməyə başladı. Seçkidən dərhal sonra Robert Köçəryan və onun komandasının bəzi üzvləri ilə bağlı hüquqi proseslərin sürətlənməsi təsadüfi görünmür. Ermənistan Baş Prokurorluğunun deputat toxunulmazlığının ləğvi istiqamətində addımlar atması hakimiyyətin yeni strategiyasının ilk siqnalları kimi qiymətləndirilir.
Əslində Paşinyanın siyasi məntiqi kifayət qədər sadədir. O hesab edir ki, son illərdə Ermənistanın daxilində baş verən bütün siyasi böhranların kökündə köhnə sistemin qalıqları dayanır. Onun fikrincə, 1998-ci ildən başlayaraq formalaşmış siyasi-oliqarxik model ölkənin inkişafını ləngidib, korrupsiya və monopoliyalar yaradıb, eyni zamanda Ermənistanı xarici güclərdən asılı vəziyyətə salıb. Buna görə də Paşinyan üçün Köçəryan sadəcə siyasi rəqib deyil. O, keçmiş sistemin simvoludur.
Bu səbəbdən də seçkidən sonra baş verən proseslərə yalnız hüquqi müstəvidən baxmaq kifayət deyil. Burada siyasi hesablamalar da açıq görünür. Hakimiyyət yaxşı anlayır ki, seçkidə məğlub olan müxalifətin küçə potensialı da əvvəlki qədər güclü deyil. Etiraz aksiyaları ilə bağlı verilən vədlərin reallaşmaması, böyük mitinqlərin keçirilməməsi və müxalifətin öz daxilində yaranan qarışıqlıq Paşinyana əlavə manevr imkanları yaradır.
Digər diqqətçəkən məqam Rusiyaya yaxın hesab edilən siyasi fiqurların vəziyyətidir. Son illərdə Moskva ilə İrəvan arasında münasibətlərin soyuması fonunda Paşinyan hökuməti Ermənistanın siyasi sistemində Kremlin təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Köçəryan, Tsarukyan və Karapetyan kimi fiqurlar isə Ermənistan daxilində ənənəvi olaraq Rusiyaya yaxın siyasi mərkəzlər kimi qəbul olunurlar. Bu baxımdan onların zəifləməsi təkcə daxili siyasi proses deyil, həm də Ermənistanın xarici siyasət kursunun dəyişməsi ilə bağlıdır.
Samvel Karapetyanın düşərgəsində yaşananlar da bunu göstərir. Seçki kampaniyası dövründə verilən iddialı vədlərin qısa müddətdə gündəmdən çıxması, blok daxilində yaranan narahatlıq və bəzi şəxslərin ölkəni tərk etməyə çalışması müxalifətin psixoloji vəziyyətini açıq şəkildə ortaya qoyur. Hakimiyyət isə bu zəifliklərdən maksimum istifadə etməyə çalışır.
Qaqik Tsarukyanın seçkidə uğursuz nəticə əldə etməsi də Ermənistan siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Uzun illər ölkənin ən nüfuzlu oliqarxlarından biri hesab olunan Tsarukyan ilk dəfədir ki, siyasi təsir imkanlarının ciddi şəkildə azaldığını görür. Onun partiyasının parlamentdən kənarda qalması köhnə siyasi sistem üçün növbəti ağır zərbədir.
Bütün bunların fonunda əsas sual yaranır: Paşinyan növbəti mərhələdə nə etmək istəyir?
Görünən odur ki, Ermənistanın baş naziri artıq yalnız seçki qələbəsi ilə kifayətlənmək niyyətində deyil. O, siyasi sistemin tam transformasiyasını həyata keçirməyə çalışır. Məqsəd yalnız hökuməti formalaşdırmaq yox, həm də gələcəkdə hakimiyyət üçün təhlükə yarada biləcək mərkəzləri zəiflətməkdir. Buna görə də yaxın aylarda Köçəryan və digər köhnə elita nümayəndələrinə qarşı həm hüquqi, həm də siyasi təzyiqlərin artacağı ehtimalı yüksəkdir.
Lakin bu prosesin riskləri də var. Əgər müxalifətə qarşı addımlar cəmiyyət tərəfindən siyasi təqib kimi qəbul olunarsa, bu, Paşinyanın beynəlxalq imicinə və daxili legitimliyinə mənfi təsir göstərə bilər. Əksinə, əgər hakimiyyət bütün prosesləri hüquqi çərçivədə və şəffaf şəkildə idarə edə bilsə, o zaman Ermənistan siyasətində son iyirmi ilin ən böyük güc dəyişimi baş verə bilər.
Bir sözlə, 7 iyun seçkiləri Paşinyanın növbəti dəfə qalib gəlməsi ilə yekunlaşmadı. Bu seçki eyni zamanda Ermənistanın köhnə siyasi elitası ilə yeni hakimiyyət arasında həlledici qarşıdurmanın başlanğıc nöqtəsinə çevrildi. Hazırda İrəvanda əsas mübarizə parlament mandatları uğrunda deyil, ölkənin gələcək siyasi arxitekturasının necə formalaşacağı uğrundadır.
Züriyə Qarayeva
Bakı 



