• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Ölümə aparan hərarət: Yüksək qızdırma zamanı bunları etməyin

CƏMİYYƏT

16 Oktyabr 2024 | 13:50

Ölümə aparan hərarət: Yüksək qızdırma zamanı bunları etməyin

Xəbər verdiyimiz kimi, Sabirabad rayon sakini, 2007-ci il təvəllüdlü Miramil Mirməmməd oğlu Nəzərli oktyabrın 13-də Şirvan şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, xəstəxanaya yüksək hərarətlə çatdırılan M.Nəzərlinin həyatını xilas rtmək mümkün olmayıb.

Qeyd edək ki, insanların qızdırmadan dünyasını dəyişməsi faktı ilk dəfə deyil baş verir.

Bəs qızdırma özü nədir? Necə yaranır? Qızdırma insanı niyə öldürür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, qızdırma özü-özlüyündə bir xəstəlik deyil. Bu, orqanizmin immun sisteminin müxtəlif infeksiyon iltihabi xəstəliklərə qarşı cavab reaksiyasıdır.

S.Hacıyev qeyd edib ki, infeksiyon xəstəliklər daha çox viruslar, bakteriyalar, göbələklər tərəfindən orqanizmdə yaradılır və buna cavab olaraq ağ qan hüceyrələrinin bir çox növlərinin miqdarı artaraq mübarizəyə başlayır ki, nəticədə orqanizmdə bu infeksiyon prosesə qarşı dayanıqlılıq və rezidentlik artmış olur:

“Əgər orqanizmimizdə hər hansı iltihabi bir proses varsa, beyində olan hipotalamus mərkəzinə bir siqnal ötürülür, nəticədə həmin o mərkəzi termorequlasiyanı oyadaraq qızdırmamızı artırır və ağ qan hüceyrələrinin növlərinin miqdarını artıraraq bizi qorumuş olur”.

Sübhan Hacıyev: Əgər qızdırma 38.5-i keçməyibsə, bu qızdırmanı salmağa dəyməz

Müsahibimiz qızdırmanın ümumi simptomlarının olduğunu deyir. Onun sözlərinə görə, bu zaman titrəmə, üşütmə, tərləmə, ürək döyüntülərinin artması, ümumi halsızlıq, başağrıları baş verə bilər ki, bunlar da bir çox bakterial, virus, göbələk, hətta vərəm mənşəyli infeksiyaların orqanizmə təsiri nəticəsində yaranır.

Həkim qızdırmanın hipertermik deyilən daha ağır forması olduğunu, bu zaman 39.5 dərəcə C-dən daha yüksək temperaturun müşahidə olunduğunu və bu halda qızdırmaya mütləq şəkildə müdaxilə etmək lazımlığnı söyləyib. Qeyd edib ki, əgər qızdırma 38.5-i keçməyibsə, bu qızdırmanı salmağa dəyməz və mübarizəni sadəcə qızdırma ilə deyil, xəstəliyin özü ilə aparmaq lazımdır:

“Unutmaq lazım deyil ki, hər 1 dərəcə qalxan qızdırma 500 millilitrə qədər maye buxarlandırır. Buna görə hərarəti olan insanların bol-bol su tükətməkləri önəmlidir. Burada qeyd etmək istərdim ki, adi sudan söhbət gedir. Hər hansı qazlı içkilər, kofein tərkibli çay, kofe və şirin içkilər bura aid deyil”.

Həmsöhbətimiz vurğulayıb ki, 39.5-dən yuxarı olan qızdırmalar 3 gündən çox davam edərsə, bu, onu göstərir ki, orqanizmdə orqanizmin immun sisteminin baş edə bilmədiyi bir infeksiyon proses var və bu infeksiyon proses virus, bakterial mənşəli və yaxud da müştərək ola bilər.

Bəzən virus mənşəli infeksiyaların yanına ikincili, üçüncülü bakterial infeksiyalarda qoşula bilir və nəticədə orqanizmdə sepsis yarana bilir ki, buna da xalq arasında qan zəhərlənməsi deyirlər. Qan zəhərlənməsi artıq bir yox, bir neçə orqanın zədələnməsinə gətirib çıxarır ki, bu cür xəstələrin müalicəsi reanimasyon və ya intensiv terapiya şöbələrində aparılır.

S.Hacıyevin sözlərinə görə, adətən həkim-terapevtlər və ya infeksionistlərə müraciət etməklə bu problemləri həll etmək olur və ilkin mərhələdə bu cür xəstələr ambulator şəraitdə müalicə ala bilirlər:

“Əfsuslar olsun ki, xəstələrimiz temperaturları qalxdığı zaman qızdırmanı salmağa meyilli olurlar. Məsələn, 37.5 qızdırmanı qızıdrmasalıcılarla salırlar, amma daxildə olan bir iltihabi proses arta-arta gedir və nəticədə ağır bir septiki durum yarandıqdan sonra belə insanların həyatını qurtarmaq çox çətin olur. İnsanlara tövsiyəmiz odur ki, qətiyyən qızdırmanın özü ilə deyil, qızdırmanı yaradan xəstəliklə mübarizə aparsınlar”.

Mina Mikayılova


SON XƏBƏRLƏR