Bu gün “Göygöl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yerli icra hakimiyyətlərinin iki tenderində qalib elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən şirkətə Goranboy Rayon İcra Hakimiyyəti “Goranboy şəhəri, Heydər Əliyev prospekti, Vuqar Bayramov, Nizami, Cəfər Cabbarlı küçələrində və Şəhidlər Xiyabanında aparılacaq abadlıq işləri”nə görə, 281 min 059 manat, Tovuz Rayon İcra Hakimiyyəti isə “Büdcədənkənar vəsait hesabına Tovuz şəhərində yolların təmiri”nə görə, 69 min 374 manat ödəyəcək.
“Göygöl Tikinti” MMC dünən Tovuz Rayon İcra Hakimiyyətinin daha bir tenderində qalib elan olunub. “Tovuz rayonunda yolların təmiri işləri” ilə bağlı keçirilən tenderdə qalibə 158 min 391 manat ödənəcək.
Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan başqa haqqında informasiyaya rast gəlinməyən, saytı və social şəbəkələrdə səhifəsi olmayan “Göygöl Tikinti” MMC bu il ərzində başqa yerli icra hakimiyyətlərinin tenderində də qalib elan olunub və bu şirkətə ümumilikdə 1 milyon manatdan çox vəsait ödənilib.
Qazax Rayon İcra Hakimiyyəti “Qazax rayonunun Kosalar kəndində Məşədi İbrahim ağanın evi və Qazax şəhərinin H.Əliyev prospekti 74,81,89, M.P.Vaqif küçəsi 5, Şəhidlər Xiyabanı 15,29 və Azadlıq küçəsi 117 ünvanlarında yerləşən binalarda abadlıq işləri”nə 341 min 675 manat, “Qaxax şəhəri, M.Carcıyev və M.V.Vidadi küçəsində asfalt örtüyünün əsaslı təmiri”nə görə 152 min 744 manat, həmçinin Laçin Rayon İcra Hakimiyyəti “Abadlıq işlərinin satın alınması”na görə 45 min 930 manat bu şirkətə ödəyib.
2020-ci ildə dövlət qeydiyyatına alınan və 10 manat nizamnamə kapitalı olan “Göygöl Tikinti” MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Ramid İbrahimov
















