• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Qərb və ermənilər yenə təxribat axtarışında: Bu siyasət müharibə riskini artırır

SİYASƏT

03 Fevral 2025 | 14:29

Qərb və ermənilər yenə təxribat axtarışında: Bu siyasət müharibə riskini artırır

Xəbər verdiyimiz kimi, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı ABŞ ordusunun Almaniyanın Hohenfels şəhərindəki bazasında keçirilən “Birgə Həll 2025” çoxmillətli hərbi təlimlərdə iştirak edir.

Ermənistanın yeritdiyi qərbmeyilli siyasət xüsusilə post-müharibə dövründə geniş vüsət alıb. 2020-ci il müharibəsindən sonra ölkə rəhbərliyi Qərblə hərbi və siyasi əməkdaşlığı gücləndirməyə xüsusi önəm verir. Bunun bariz nümunələrindən biri ABŞ və Ermənistan arasında hərbi əlaqələrin genişlənməsi, o cümlədən birgə hərbi təlimlərdə iştirakdır.

Həmçinin, son illərdə Ermənistan ABŞ və Avropa İttifaqı ilə müdafiə sahəsində əməkdaşlığı intensivləşdirib. 2023-cü ildə Ermənistan ordusunun ABŞ Milli Qvardiyası ilə birgə təlimlər keçirməsi, eləcə də Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası bunun göstəricilərindəndir.

Bu hərbi təlimlərdə iştirak revanşist qüvvələrin yeni müharibəyə hazırlığı kimi dəyərləndirilməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, rəsmi İrəvan bununla neçənci dəfədir ABŞ-nin təşkil etdiyi müştərək hərbi təlimlərdə iştirak edir:

"Bu tendensiya Ermənistanın son illərdə xarici siyasətində mühüm dəyişikliklər etməsi ilə əlaqəlidir. Son 3 il ərzində Ermənistan ordusunun ABŞ-nin təşkil etdiyi hərbi təlimlərdə iştirak etməsi və NATO qərargahında keçirilən təlimlərə qatılması ölkənin tədricən Qərbə inteqrasiya etdiyini göstərir”.

Müsahibimiz qeyd edib ki, Qərbin Ermənistana artan dəstəyi təkcə hərbi təlimlərlə məhdudlaşmır. Silah təminatı, maliyyə yardımları və texniki dəstək göstərilməsi Ermənistanın hərbi hazırlığını artırmaqla yanaşı, onun gələcəkdə daha aktiv və aqressiv mövqe tutmasına şərait yarada bilər. Bu siyasət revanşist meyillərin güclənməsi ilə nəticələnə bilər, belə addımlar bölgədə sabitliyi təhlükə altına salır.

Ramil Məmmədli: Belə addımlar bölgədə sabitliyi təhlükə altına salır

R.Məmmədlinin sözlərinə görə, onlar hələ də ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı iddialıdırlar:

"Azərbaycan xalqı erməni millətini, onların tarixi iddialarını və siyasi strategiyalarını yaxşı tanıyır. Ermənistanın ABŞ və NATO-nun təşkil etdiyi hərbi təlimlərdə iştirakının arxasında gizlənən əsas niyyət açıq-aşkardır. Bu, onların itirdikləri əraziləri geri qaytarmaq məqsədilə hərbi hazırlıqlarını gücləndirmək cəhdidir. Ermənistanın son illərdə qərbmeyilli siyasət yürütməsi və Qərbin dəstəyi ilə hərbi sahədə aktivləşməsi, regionda yeni gərginliklərə yol açır. 44 günlük müharibədə aldığı ağır məğlubiyyətdən sonra İrəvanın silahlanma siyasəti və mütəmadi şəkildə keçirilən bu cür təlimlər onların sülhə deyil, yeni hərbi avantüralara hazırlaşdığını göstərir. Bu baxımdan, Ermənistanın Qərbdən aldığı dəstəklə yenidən silahlanması, potensial hücum aktları planlaşdırması Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdiddir".

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan bölgədə sülhün və sabitliyin təmin olunmasına tərəfdardır. Onun sözlərinə görə, Azərbaycan sülh təəssübkeşliyi göstərsə də, Ermənistanın revizionist siyasət yürütməsi yenidən müharibə riskini artırır:

"Azərbaycanın hərbi gücü, siyasi iradəsi və strateji tərəfdaşları bu kimi təhdidlərə adekvat cavab verməyə qadirdir. Əgər Ermənistan təxribat xarakterli addımları davam etdirərsə, bunun nəticələrinə də tam məsuliyyət daşıyacaq. Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün region dövlətləri arasında qarşılıqlı əməkdaşlıq və sülh sazişinin imzalanması vacibdir. Lakin Ermənistanın hazırkı siyasəti bu prosesi ləngidir və yeni risklər yaradır. Bu baxımdan, beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatçı siyasətinə biganə qalmamalı və bölgədə təhlükəsizliyi qorumaq üçün konkret addımlar atmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR