Artıq Ramazan ayının 18-ci günündəyik. Məlumdur ki, oruc tutan insanlar səfərə çıxdığı və ya uzun yol getdikləri zaman orucu poza bilərlər. Ancaq uzun yol dedikdə hansı məsafə nəzərdə tutulur?
İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a bildirib ki, buna hər bir insan özü qərar verməlidir: “Bəziləri 45, 90, 120 km, hətta bəziləri üç gün olduğun yerdən kənara çıxdığın zaman deyir. Bəziləri də gedəcəyin yerdə nə qədər qalacağından asılı olduğunu söyləyir”.
Onun sözlərinə görə, əslində, hər kəs yaşadığı dövrə uyğun olaraq qeyd edib. E.Miri özünün burdan Milana minlərlə km yol getdiyini, amma orucunu pozmadığını bildirib: “Elə adam var, isti iqlimə gedir, birdən-birə iqlim dəyişikliyinə məruz qalır, dözə bilmir. Bu zaman niyə özünü çətinliyə salsın ki?! Əgər dözə bilmirsə, orucunu açsın, həmin günləri sonrakı vaxtlarda tutar. Yəni Allah buna icazə verir, amma tuta bilirsənsə, daha xeyirlidir. Qurani Kərimin Bəqərə surəsinin 185-ci ayəsinə baxanda bunu görə bilərik”.
Müsahibimiz vurğulayıb ki, Allah səfər icazəsini verir, ondan sonra neçə km, nə qədər qalacağı insandan asılıdır: “Hər bir yerin öz çətinliyi var. Bu gün deyə bilərik ki, biz hər yerə kondisenerli maşınla gedirik, amma nə olsun?! Səfər səfərdir. Səfərin öz ağırlığı var. Uşaqla gəncin, yaşlının, ortayaşlının səfəri eyni deyil” deyən ilahiyyatçıya görə, bu səbəbdən də insan məsələlərə öz vicdanına, sağlamlığına, vəziyyətinə uyğun olaraq qərar verməlidir.
“Bunu problem olaraq görməməliyik. Bir şeyi də nəzərə almalıyıq ki, bugün ölkəmizə müxtəlif yerlərdən gələn turistlər var. Onlar səfərdə olduqlarını əsas alaraq oruc tutmurlar. O insanlara da imkan yaradılmalıdır. Bəzi yerlər var ki, bu vaxt yemək, çay, su vermədiklərini deyirlər. Doğru deyil axı”, - deyə Elşad Miri əlavə edib.
Aytac Aslan