• Bakı 28° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

“Sular Novruzu” - Bu gün Su çərşənbəsidir

CƏMİYYƏT

25 Fevral 2025 | 00:00

“Sular Novruzu” - Bu gün Su çərşənbəsidir

Bu gün baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsidir. Xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Bakıvaxtı.az-a milli adət-ənənəmiz olan su çərşənbəsinin özünəməxsus xüsusiyyətlərindən bəhs edib:

"Novruz çərşənbələri xalq arasında böyük əhəmiyyət kəsb edir, həm də yazın yaxınlaşdığını və təbiətin yenidən canlanmağa başladığını bildirir. Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini suyun vasitəsilə edir. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq bir ənənədir". 

Yaradılışın əsası olan 4 ünsürdən (su, od, yel, torpaq) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır. Qədim türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaratmışlar. Novruzun ilk çərşənbəsi Su çərşənbəsi, İlk Çərşənbə, Əzəl Çərşənbə, Gözəl Çərşənbə də adlanır.

"Su Çərşənbəsi Novruz bayramına hazırlıq mərhələlərindən biri olaraq ilk çərşənbə kimi qeyd olunur. Bu çərşənbə suyun təmizləyici və canlandırıcı xüsusiyyətlərini özündə simvollaşdırır. Su çərşənbəsinin ən vacib elementlərindən biri suyun həm həyatverici, həm də təmizləyici roludur. İnsanlar Su Çərşənbəsində evlərinini təmizləyir, xalça-palaz, qab-qacaqlarını yuyur, suyun vasitəsilə təmizləyici ritüellər həyata keçirirlər",- deyə müsahibimiz qeyd edib. 

Eşİslamoğlu bildirib ki, ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, su çərşənbəsində gün çıxmamış su üstündən atdanarlar, tonqal yandırarlar. 

Elyar İslamoğlu: Bu çərşənbə suyun təmizləyici, canlandırıcı xüsusiyyətlərini özündə simvollaşdırır

Elyar İslamoğlu bölgələrimizdə olan adət-ənənələrdən də bəhs edib:

"Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. Bəzi bölgələrdə, xüsusilə də Naxçıvan MR Şərur rayonunun Dizə kəndində gənclər “sulaşma” mərasimini də icra edirlər. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub, su kənarına yeni gələnlərin üzərinə ataraq “bayramınız mubarək” deyirlər. İslananlar bundan qətiyyən inciməz, suyun onları paklaşdırdığını bildiyindən, cavabında “aydınlığa cıxasınız” deyərlər. Sonra hər kəs “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyərək suyun üstündən atlayar. 

Bəzən də niyyət edib suyun içərisindən daş götürürlər. Bu niyyət adətən götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən daş ya azuqə qablarına qoyulur və ya evin künclərinə atılır. Bir sonrakı bayrama qədər orada qalır. Suyu isə həyət bacaya, evin astanasına və künclərinə çiləyib “il boyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar.

Xəstələrə yeni gətirilmiş çərşənbə suyundan içirdib, tez sağalması üçün yarasına həmin sudan çiləyərlər. Körpə uşaqların əl-üzünü çərşənbə suyu ilə yuyaraq, sudan onlara da içirdərlər. Suyun bir hissəsini də kənd yerlərində mal-qaranın üzərinə, əkin yerinə də çiləyərlər ki, məhsul bol olsun, evin ruzi-bərəkəti artsın. Çərşənbə suyundan qorxanların da başından bir az töküb qorxuluğunu alarlar".

Su ilə bağlı atalar sözləri:

Su axan arxa birdə gələr.
Su axar, çuxurunu tapar.
Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
Susuz ağac bar verməz.
Suyun lal axanı, adamın yerə baxanı.
Suda boğulan saman çöpündən yapışar.
Su sənəyi suda sınar.
Sulu el abadan, susuz el viran olar.

Su ilə bağlı alqışlar:

Sucan ömrün olsun.
Su kimi duru olasan.
Su kimi paka çıxasan.
Su qədər əziz olasan.

Su ilə bağlı inanclar:

Su kiçiyindir, yol böyüyün.
Odu su ilə söndürmək günahdır.
Su içən adamı ilan vurmaz.
Su içən adamı qəfil vurmazlar.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxanın arxasınca su atarlar.

Qeyd edək ki, martın 4-də Od çərşənbəsi, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Su çərşənbəniz mübarək!

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

06 Iyul 2025