Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşdiyi, qlobal güc balansının isə yeni mərhələyə qədəm qoyduğu bir dövrdə, ABŞ və İsrail liderləri növbəti dəfə Vaşinqtonda görüşməyə hazırlaşırlar.
Təmaslar təkcə iki müttəfiq ölkə arasında münasibətlərin güclü olmasını deyil, həm də regionda və dünya miqyasında baş verən siyasi proseslərə birbaşa təsir imkanlarını ortaya qoyur.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu il ərzində artıq üçüncü dəfə görüşməsi, bu əlaqələrin nə qədər intensiv və strateji xarakter daşıdığını göstərir. Ağ Evdə keçiriləcək bu danışıqların gündəmində yalnız ikitərəfli münasibətlər deyil, həm də İranın nüvə proqramı, Fələstin məsələsi, regional təhlükəsizlik və Yaxın Şərqdə yeni güc balansı kimi qlobal əhəmiyyətli məsələlərin yer alacağı gözlənilir.
ABŞ Prezidenti Donald Trampın Netanyahu ilə görüşməsi Yaxın Şərqdə güc balansına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən siyasi şərhçi Əli Mustafa bildirib ki, görüşün gündəminin əsas istiqamətini İsrail-Fələstin arasında atəşkəsə nail olunması, post-müharibə dövrünün siyasi konturları və İranla bağlı təhlükəsizlik məsələləri təşkil edəcək:
"Hazırda Qətərin paytaxtı Dohada aparılan vasitəçilik danışıqları fonunda ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatik fəallığını artırmağa çalışır. Tramp administrasiyası bu dəfə xüsusilə İsrail və Fələstin arasında davam edən qanlı qarşıdurmaya son qoymaq və özünü “barış prezidenti” kimi tarixə yazdırmaq istəyindədir".
Əli Mustafa, siyasi şərhçi
Həmsöhbətimiz qeyd edib ki, ABŞ tərəfi İsrailin hərbi hava müdafiə sistemlərinin gücləndirilməsi məqsədilə yeni silah yardım paketlərini nəzərdən keçirir:
"Dəstək amili xüsusilə HƏMAS və Hizbullah kimi qrupların raket hücumları fonunda Tel-Əvivin müdafiə imkanlarının artırılması məqsədi daşıyır. Eyni zamanda, İran məsələsi də müzakirələrin önündə yer alacaq. Tehran rəhbərliyinin regiondakı təsir imkanları, nüvə proqramı və son zamanlar fəallaşan hərbi ritorikası ABŞ-İsrail təhlükəsizlik əməkdaşlığını daha da yaxınlaşdırır. İranın hərbi obyektlərinin yenidən hədəf alınması ehtimalı da istisna edilmir".
Son olaraq Əli Mustafa vurğulayıb ki, Tramp administrasiyası üçün bu görüş həm də regional nüfuz mübarizəsində ABŞ-nin liderliyini bərpa etmək üçün mühüm fürsət hesab olunur. İsrailin Yaxın Şərqdə artan fəallığı və ABŞ-nin ona göstərdiyi açıq dəstək regionda yeni siyasi və hərbi ittifaqların formalaşmasına zəmin yarada bilər.
Əli Hüseynov