“Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.
Bakıvaxtı.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu iyulun 8-9-da Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirakı zamanı baş tutub.
Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib.
F. Nağıyev son illərdə təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini vurğulayaraq turizm üzrə statistik göstəricilərdən bəhs edib.
Tədbir zamanı iclas iştirakçılarına Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.
Bununla yanaşı, TDT dövlətlərinin iştirakı ilə “Vahid Muzey Kartı”nın yaradılması təşəbbüsü səsləndirilərək üzv ölkələr tərəfindən təqdim ediləcək konsepsiyalar əsasında layihənin həyata keçirilməsi təklifi müzakirə edilib.